Leyla Qafarzadənin “Bakı tətilləri” müəllif gecəsi keçirildi
Bakı Caz Mərkəzində gənc bəstəkar Leyla Qafarzadənin "Bakı tətilləri" müəllif gecəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə təşkil edilmiş gecədə gənc bəstəkarın əsərləri səsləndirilib.
Tədbirdə çıxış edən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Nigar Cərullaqızı istedadlı musiqiçi Leyla Qafarzadənin təhsil illərindəki uğurlarından söz açıb. Qeyd edim ki, L.Qafarzadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini müvəffəq qiymətlərlə başa vurmuşdur. O, bu məktəblə yanaşı, digər musiqi məktəbində gitara sinfini də fərqlənmə diplomu ilə bitirmişdir.
Bütün həyatı incəsənətlə bağlı olan Leyla Qafarzadə "Şərq ulduzları" uşaq ansamblında və "Qız qalası" xorunda da çıxış etmişdir. O, bir çox festivallarda uğurlu çıxışları ilə iştirakçıların alqışlarını qazanmışdır.
Bildirilmişdir ki, hazırda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun IV kurs tələbəsi olan Leyla Qafarzadə 2008-2009-cu dərs ilində həmin ali məktəbdə Vladimir Potanin adına nüfuzlu təqaüd almaq üçün keçirilən müsabiqədə qalib gələrək, həmin təqaüdə layiq görülmüş 20 tələbədən biri olmuşdur. Yeri gəlmişkən, orada təhsil alan azərbaycanlılar arasında Leyla Qafarzadə bu təqaüdü alan yeganə həmyerlimizdir.
"Bakı tətilləri" müəllif gecəsində gənc bəstəkarın Azərbaycan Dövlət Xor Kapellasının nəzdindəki Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin uşaq xorunun ifasında bir çox mahnıları səslənib.
Tədbirdə ifa olunan "Nə olaydı", "Xəyallar", "Vətən", "Axşam gəzintisi", "Nostalji", "Fransız melodiyası", "Düşüncə" və digər müsiqi parçalarını fortepianoda müəllif özü müşayiət edib.