PDF Oxu

Mədəniyyət

  • 7

Opera və Balet Teatrının 101-ci teatr mövsümünün açılışı olacaq

Opera və Balet Teatrının 101-ci teatr mövsümünün açılışı olacaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 101-ci teatr mövsümünün açılışına çox fəal hazırlaşır. Ənənə üzrə bu il də mövsümün açılışı sentyabrın 18-də Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşası ilə baş tutacaqdır. Bu opera "TÜRKSOY" beynəlxalq layihəsi çərçivəsində nümayiş olunacaq və tamaşada Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızstan, Başqırdıstan və Tatarıstan opera sənəti ustaları iştirak edəcəklər.
Tamaşada əsas partiyaları Azərbaycanın əməkdar artistləri, Respublika Prezidenti mükafatçıları Həsən Enami (Koroğlu) və Zemfira İsmayılova (Nigar) ifa edəcəklər. Tamaşanın dirijoru isə Azərbaycanın xalq artisti, professor Rauf Abdullayevdir.
Sentyabrın 27-də dünya şöhrətlı bəstəkar İohann Ştrausun musiqisi əsasında "Düyməcik" baletinin premyerası keçiriləcək. Tamaşa Uşaq ili çərçivəsində səhnəyə qoyulacaqdır. Quruluşçu-baletmeysteri Rusiyanın xalq artisti Liya Sabitova, quruluşçu rəssamı isə Rusiya Akademik Böyük Teatrının rəssamı Dmitri Çerbadjıdır. Balet tamaşası zəngin dekorasiyaları, gözəl səhnə kostyumları, maraqlı xoreoqrafiyası ilə kiçik tamaşaçılar tərəfindən çox bəyəniləcək.
2009-cu ilin sonuna kimi Opera və Balet Teatrında daha iki yeni tamaşanın quruluşu həyata keçiriləcək. Bunlar italyan bəstəkarı C.Rossininin "Sevilya bərbəri" və Maskaninin "Kənd namusu" operalarının tamaşalarıdır. Dünya opera sənətinin ən dəyərli nümunələrindən biri olan "Kənd namusu" operasının quruluşunu həyata keçirmək üçün teatr rəhbərliyi Latviyanın xalq artisti, məşhur latviyalı rejissor Andrey Jaqarsı dəvət etmişdir.
Hər il olduğu kimi, cari teatr mövsümündə də Opera və Balet Teatrının tamaşalarında Rusiya, Ukrayna, Belorus, Pribaltika dövlətləri, Almaniya və s. ölkələrdən dəvət olunmuş opera və balet sənəti ulduzları çıxış edəcəkdir.

Digər xəbərlər