Musiqili Komediya Teatrı mövsümü “Arşın mal alan” operettası ilə açacaq
Musiqili Komediya Teatrı 100-cü teatr mövsümünə hazırlaşır. Yeni mövsümə sentyabrın 15-dən start verilsə də Musiqili Komediya Teatrı isə sentyabrın 18-də "Musiqi günü"ndə işə başlayacaq. Teatr bu il repertuar bolluğu ilə seçiləcək. Bir sıra səhnə əsərləri üzərində işləyən yaradıcı heyət tamaşaçılarını yeni premyeralarla sevindirəcək. Musiqi günündə ilk olaraq görkəmli bəstəkar Ü.Hacıbəyovun "Arşın mal alan" operettası təqdim olunacaq. Bu tamaşa artıq bir necə il bundan öncə teatrın repertuarında olub. Bu dəfə "Arşın mal alan" musiqili komediyası tamamilə yeni təqdimatda tamaşaçıların ixtiyarına veriləcək. Tamaşanın quruluşçu rejissoru E.Mirzəyevdir. Əsas rolları F.Əliyev, N.Kərimova, Ə.Əlizadə, N.Orucova və digər aktyorlar ifa edəcək. İlk dəfə olaraq teatrın rus bölməsi də "Arşın mal alan" əsərini səhnələşdirəcək.