Cənubi Qafqazın tarixinin öyrənilməsi ilə bağlı maddi-mədəni abidələr aşkarlanıb
Tovuzun Göytəpə yaşayış məskənindən tapılan arxeoloji eksponatlar İngiltərə və Yaponiyada nümayiş etdiriləcəkdir. Rayonun Aşağı Quşçu kəndində Qafqazın ən qədim yaşayış yerlərindən birində arxeoloji qazıntılar aparan xarici ölkə alimlərinin rəyi əsasında bu qərara gəlinmişdir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu və Yaponiyanın Tokio Universitetinin mütəxəssisləri burada tədqiqat işlərinə ötən ildən başlamışlar. Bu qədim yaşayış məskənində Cənubi Qafqazın tarixinin öyrənilməsi baxımından qiymətli maddi-mədəni abidələr aşkarlanmışdır.
Arxeoloji qazıntı zamanı aşkarlanan mədəni təbəqə eramızdan əvvəlki dövrdə bu ərazidə yaşayan insanların həyat şəraitini, məşğuliyyətini öyrənməyə imkan verir. Qazıntı zamanı 8 metr hündürlükdə olan yaşayış məskənindən erkən əkinçilik dövrünə məxsus əmək alətləri və məişət əşyaları tapılmışdır. Aşkar olunan mədəni təbəqənin bir hissəsi yerində öyrənilir. Bir hissəsi isə Tokioda xüsusi laboratoriyada tədqiq edildikdən sonra rəy veriləcəkdir.
Aparılan arxeoloji qazıntıların və əldə olunan eksponatların beynəlxalq səviyyədə əhəmiyyəti nəzərə alınaraq, bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Ərazidəki araşdırmalar 3 il davam edəcəkdir. İndiyədək 2 hektar ərazini əhatə edən qədim Göytəpə yaşayış məskənin 300 kvadratmetrində qazıntı işləri aparılmışdır.