PDF Oxu

Mədəniyyət

  • 16

“37-ci il repressiya qurbanları”

“37-ci il repressiya qurbanları”
Bir nəslə vurulan damğa, ona uzanan əllər neçə-neçə ailələrin çırağını söndürmüş, onların yaşantılarını, həyat yollarını qara zolağa qərq etmişdir. Xalqın sayseçmə övladlarının fəaliyyətinə salınan kölgə uzun illər üzərilərinə kölgə salmış, onların ailə üzlərinə dövlət idarələrinin qapısını bağlı qoymuşdur. Bu, xalqın yaşadığı çox da uzun olmayan bir tarixin bizlərə əks-sədası və qaynaqladığımız tarixi ədəbiyyat nümunələrindən bəhrələndiyimiz faktlardır.
Sovet imperiyasının bizlərə bəxş etdiyi qara, silinməz yara Azərbaycan ziyalılarının əsil fədakarlığına, ziyalılığığına o illərdə verilən qiymətdir. Həmin illər repressiya illəri kimi tarixə iz salmışdır. Bu günə qədər mövcud olan yazılı mənbələrdə repressiya qurbanına çevrilmiş Azərbaycan ziyalılarının həyat yolu, yaradıcılıq tərcümeyi-halı bizlərə yaxşı bəllidir. Bu siyahıda rast gəldiyimiz hər bir ziyalının həyat yolunun belə bir acınacaqlı aqibətlə sona yetməsi onun vətənpərvərlik ruhunun yüksək bir səviyyədə olmasını, eləcə də, Azərbaycanın sovet imperiyasının zəncirlərindən xilas edib, onun mənəvi dəyərlərinin qorunmasına xidmətindən irəli gəlmişdir.
Müasir dövrümüzdə müstəqilliyimizin bizə bəxş etdiyi demokratik ab-havadan istifadə edib, o illərdə qapısı bağlı qalmış ziyalıların həyat yolunun tədqiqinə diqqət yönəldən bir çox ziyalılar vardır. Təbii ki, son dövrdə bu məzmunda olan yeni, orijinal bir şəkildə əsərlərin ortaya çıxmasına tez-tez təsadüf olunur. Bu sırada yazıçı-publisist Gülsüm Adilqızının da ərsəyə gətirdiyi "37-ci il repressiya qurbanları" kitabı da maraq doğurur. Qeyd edim ki, kitab Moskvada işıq üzü görən "Vətən çağırır" qəzetinin təşəbbüsü ilə çap edilən kitabların davamıdır. Kitab, adından göründüyü kimi, sovet imperiyasının sərt qadağalarında öz əqidəsindən dönməyən ziyalı ocağının yaşantılarını əks etdirən bir nümunədir. Bu, o dövrün sayılıb-seçilən ziyalılarından Rəfi müəllimin - Rəfi Hüseynovun keçdiyi yolun bir salnaməsidir.
Kitaba daxil olan materialların toplanıb, üzə çıxarılmasında Əvəzağa Məlikovun rolunu qeyd etməliyik.
"Rəfi sülaləsi" başlıqlı məqalə ilə məhz ziyalının həyat bioqrafiyasının ilk səhifələri açılır. Müəllif onun bu gün nəslini davam etdirən insanların timsalında məhz Rəfi müəllimin kimliyini və onun ailəsinə vurulan damğanın köklərini araşdıraraq, oxuculara olduqca maraqlı olan bir ailə sülalədən bəhs edir. Kitabda qeyd olunur ki, qəlbi böyük amallarla yaşayan Rəfi müəllim müasirləri kimi bir gün işdən geri dönmür. Balaca Xədicə oturub onun yolunu gözləsə də, bu bir xəyal kimi gələcək yaşantılarına bir körpü salır. Uşaq xəyalları ilə müəmmalar içərisində yaşayan Xədicəyə o illərdə həqiqətlərdən söz açılmasa da, zaman ötdükdən sonra kamala yetişən bu ocağın qızı atasını məhz o illərdə evdən çıxaraq, neçə-neçə insan kimi əbədi olaraq bir daha geri qayıtmadığını dərindən dərk etmişdir. Rəfi müəllimin əqidə dostlarının bir çoxu məhz repressiya yolunun yolçusu olmuşdular. Kitabda qeyd olunur ki, repressiya xalqın görən gözlərini kor, duyan ürəklərini məhv, eşidən qulaqlarını kar, xalq üçün gördüyü xeyirxah işləri isə məhv etdi. Onlar repressiyada ziyalıları hədəfə alsalar da, bütöv Azərbaycanın döyünən ürəyinə nizə sancdılar. İndiki nəsil bilir ki, onların yolu haqq və əqidə yolunda dönməzlik olmuşdur.
"37-ci il repressiya qurbanları" kitabında Gülsüm Adilqızı Rəfi müəllimin ailəsinə yaxın olan və onun həyat yoluna bələd olan şəxslərlə görüşmüş, onunla bağlı həqiqətləri araşdıraraq tədqiq edib, maraq doğuran əsərin işıq üzü görməsinə nail olmuşdur. Kitabda yer alan "Repressiya qurbanları" məqaləsində onun həyat yolunu davam etdirən, bu ocağın təlim-tərbiyəsini görmüş ziyalılardan söz açılır ki, onlarında hər biri gördüyü işlərlə dinə, vətənə inam və məhəbbət bəsləyən ziyalılardır.
Rəfi Hüseynovun qardaşı İsmayıl Hüseynov, həyat yoldaşı Qızbəs xanım, qızı Xədicə, bacısının nəticələri və onlarla bu nəsildən olan insanların məhz Rəfi Hüseynova görə müəyyən təzyiqlərə məruz qalmasından və uzun illər sovet imperiyasının yürütdüyü sərt siyasətə tuş gələrək, öz fəaliyyətlərini lazımi bir səviyyədə davam etdirə bilməmişlər. Bu gün onun nəslinin davamçıları nəinki Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində ziyalı kimi fəaliyyət göstərib, ölkənin adını yüksək tuturlar. Rəfi Hüseynov repressiya qurbanı olsa da, onu yaşadan Əvəzağa Məlikov, Müşfiq və Seyran kimi qol-budaqları var.

Digər xəbərlər