Cahangir Aslanoğlu - 90 Azərbaycan səhnəsinin gülüş ustası
Azərbaycanın milli mədəniyyətini inkişaf etdirib, onun əks-sədasının dünyanın müxtəlif ölkələrindən eşidilməsində müstəsna rol oynayan sənətkarların yaradıcılıq bioqrafiyası bir örnək olaraq müasir dövrümüzdə sənət alminə cığır açan şəxslərə məktəbdir. Sənət tariximizdə ismini əbədiləşdirən belə nurlu simaların sayı kifayət qədərdir. Sənət fədaisi, sənət yolçusu olan belə yaradıcı insanların cismani olaraq həyatlarını dəyişməsi heç də onların fəaliyyətini bu məkandan uzaqlaşdırmayıb. Belə simalardan bir də aktyor, rejissor, gülüş ustası, əməkdar mədəniyyət işçisi Cahangir Aslanoğludur.
Respublika Yaradıcılıq Mərkəzində sənətkarın 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi. Azərbaycan Respublikası yanında Qeyri-Hökumət Təşkilatına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə Yaradıcılıq Fondunun lUnudulmaqda olan və hal-hazırda maddi və mənəvi dəstəyə ehtiyac duyan mədəniyyət xadimlərinin səhnə həyatını yaşatmaq" layihəsi çərçivəsində keçirilən növbəti tədbir məhz Cahangir Aslanoğlunun 90 illik yubileyinə həsr olunmuşdur.
Dəyirmi masada Yaradıcılıq Fondunun sədr müavini, əməkdar mədəniyyət işçisi Rafiq Kəşanlı çıxış edərək, Cahangir Aslanoğlunun yaradıcılığı ətrafında danışıraq, tədbir iştirakçılarına onun fəaliyyət dairəsinin şaxəliliyindən söz açdı. O, qeyd etdi ki, Cahangir Aslanoğlu Yaradıcılıq Fondunun nəzdində fəaliyyət göstərən "Sönməyən ulduzlar" assosiasiyasının ilk sədri olmuşdur. Assosiasiya fəaliyyətə başlayan zaman Cahangir Aslanoğlu Azərbaycan mədəniyyət və incəsənətində böyük xidmətləri olmuş və mövcud vəziyyətlə bağlı teatrdan uzaqlaşmış şəxsləri bu məkana cəlb edərək, onların səhnə fəaliyyətinin davam etdirilməsinə nail olmuşdur. Ən çətin məqamlarda onlara mənəvi dayaq olan sənətkar bu ocaqda klassik əsərlərin səhnələşdirilməsinə, eləcə də, musiqi nömrələrinin səsləndirilməsinə böyük imkanlar yaradaraq, onların yaradacılığına, demək olar ki, ikinci bir yol açmışdır. Bu yol məhz assosiasiyadan keçmişdir. Cahangir Aslanoğlunun təşəbbüsü ilə Sofa Bədirzadə, Leyla Bədirbəyli, Oqtay Ağayev, Əlibaba Məmmədov, Gülxar Həsənova, Səmayə Sadıqova və onlarla belə sənətkarlar lSönməyən ulduzlar" assosiasiyasında fəaliyyət göstərmişdilər. Bu gün də sənət aləmində sözü deyilmiş kifayət qədər simalar assosiasiyanın üzvləridirlər. Müasir dövrümüzdə assosiasiyada Cahangir Aslanoğlunun qoyduğu ənənə layiqli bir şəkildə davam etdirilir. Rafiq Kəşanlı bildirdi ki, Cahangir Aslanoğlunun təkidi ilə assosiasiyanın üzvlərinin Heydər Əliyev Sarayında tədbiri təşkil olunmuşdur. Respublikanın həyatında çətin illər olduğundan, onların maddi vəziyyəti ürəkaçan deyildir. "Cahangir Aslanoğlu Azərbaycan sənətinə gülə-gülə gəlib, gülə-gülə də getdi"- deyən Rafiq Kəşanlı onun daxili ilə xarici aləminin bir-birini bütövlükdə tamamladığını bildirdi. Böyük gülüş ustası olan Cahangir Aslanoğlu ilə bağlı kifayət qədər maraqlı təəssüratlar yaddaşlarda qalmış və bu gün də onun Qabrovda keçirilən gülüş bayramındakı iştirakı onun necə incə bir yumor hissinə malik olan sənətkar olduğunu təsdiqləyir. Cahangir Aslanoğlu Azərbaycan sənətinə verdiyi nailiyyətlərə görə yüksək səviyyədə yubiley tədbiri qeyd olunmağa layiq sənətkardır.
Dəyirmi masada çıxış edən respublikanın xalq artisti İlham Namiq Kamal Cahangir Aslanoğlunun yaradıcılıq potensialının daim sənət aləmində özünü büruzə verdiyini qeyd edərək, onun tamaşaya hazırladığı əsərlərdən, eləcə də, oynadığı rollardan söz açdı. lKarnival və ya şifonerdə məhəbbət" adlı tamaşaya quruluş verməsi Cahangir Aslanoğlunun yüksək kaloritə malik rejissorluğundan xəbər verir. lHəddən artıq yumor hissinə malik olan ziyalı kamil bir insan, maraqlı həmsöhbət idi"- deyən İlham Namiq Kamal onun yaratdığı hər bir obrazın, eləcə də, tamaşanın Azərbaycan tamaşaçısı üçün böyük marağa səbəb olduğunu iştirakçıların nəzərinə çatdırdı.
Tədbirdə "Unudulmaqda olan və hal-hazırda maddi və mənəvi dəstəyə ehtiyac duyan mədəniyyət xadimlərinin səhnə həyatını yaratmaq" layihəsini həyata keçirən yaradıcılıq fondunun yaxın üç ay ərzində görülən işlər barədə fondun baş eksperti Zemfira Qədirova çıxış edərək, iyun ayından bu günə qədər artıq müxtəlif tədbirlərin reallaşdığını bildirdi. O, qeyd etdi ki, bu layihə çərçivəsində hazırda assosiasiyanın 27 nəfər üzvünün səhnə fəaliyyətindən bəhs edən kitab hazırlanır. Kitabın müəllifi Yazıçılar Birliyinin tənqid-publistika bölməsinin rəhbəri Bəsti Əlibəyli, redaktoru yazıçı-dramaturq, professor Kamal Abdulladır. Zemfira xanım noyabr ayında həmin nümunənin təqdimatının keçiriləcəyini bildirdi. Onun dediyinə görə, Firuz Xudaverdiyevin, Raziyə Şirinovanın yaradıcılıq və yubiley tədbirləri məhz bu layihə çərçivəsində həyata keçirilmişdir.
"Sönməyən ulduzlar" assosiasiyasının və teatrın fəaliyyəti haqqında teatrın rejissoru Hafiz Fətullayev çıxış edərək, teatrın problemləri, onların həlli yolları ətrafında söz açaraq, qeyd olunan layihənin icrasının teatrın aktyorlarına hansı nailiyyətləri bəxş etdiyini vurğulayaraq, bu layihənin müsbət tərəflərini çözələdi. Belə ki, Azərbaycanın tanınmış simalarını müasir gənclərə, yetişən nəslə təqdim etməklə onların fəaliyyət dairəsinin çoxşaxəliyini layiqli bir şəkildə göstərmək böyük əhəmiyyətə malikdir.
Tədbirdə əməkdar mədəniyyət işçisi, fondun Qaradağ filialının sədri Çimnaz xanım Əliyeva çıxış edərək, Cahangir Aslanoğlunun assosiasiyadakı xidmətlərindən və onun assosiasiyanın üzvlərinə olan diqqət və qayğısından danışdı. O, bu layihənin mahiyyətinə diqqəti yönəldib, müasir həyatımızda xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək, şou-biznesə geniş bir meydan verildiyi bir zamanda, məhz belə sənətkarların həyat və fəaliyyətindən söz açmağın vacibiyini söylədi. Çimnaz xanım qeyd etdi ki, şou-biznesin təbliğinə kəskin bir şəkildə iradı yoxdur, amma unutmamalıyıq ki, bu gün səhnədə olan insanların kökü mövcuddur. Məhz onları yada salıb, kök üzərində milli-mənəvi dəyərlərimizi davam etdirmək müsbət nəticə verər. Layihənin məqsədi də məhz belə sənətkarları xatırlayıb, milli-mənəvi dəyərlərimizi yaşatmaqdır.
Çimnaz xanım kitab haqqında münasibətini bildirərkən, vurğuladı ki, hazırlanan yeni nəşrə assosiasiyanın digər üzvlərinin də fəaliyyətinin daxil edilməsi məqsədəuyğundur. Təbii ki, bu nəşrin davamı olacaq.
Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova fondun təşkil etdiyi maraqlı və lazımlı tədbirlərindən danışdı və bildirdi ki, Cahangir Aslanoğlu yaradıcılığına olan diqqəti də məhz bu görülən işlərin davamıdır. Aktyor, rejissor və hərtərəfli istedada malik olan insan haqqında söz açan Zemfira xanım qeyd olunan kitabın hazırlanmasının əhəmiyyətini vurğulayıb, böyük sənətkarlara göstərilən bu diqqət və qayğının mənəvi tərəflərinə nəzər yetirdi.
Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, əməkdar mədəniyyət işçisi Maarif Teymur, Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad , Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi, şair İskəndər Etibar və mərhumun qızı Arzu xanım Cahangirqızı çıxış edərək, Cahangir Aslanoğlu yaradıcılığından, fond tərəfindən gerçəkləşən layihənin əhəmiyyətindən, eləcə də, nəşrə hazırlanan kitabdan söz açaraq öz fikirlərini iştirakçılarla bölüşdülər. Qeyd edim ki, dəyirmi masada mətbuat nümayənələrinin layihə ətrafında da fikirləri diqqətə çatdırıldı.
Yubiley tədbirində lSönməyən ulduzlar" assosiasiyasının Heydər Əliyev adına Sarayda təşkil etdiyi ilk tədbirin videoyazısından parçalar da iştirakçılara təqdim olundu.