TÜRKSOY təşkilatı gənc istedadları dəstəkləyir
Ankarada musiqi təhsilini davam etdirən azərbaycanlı skripkaçı, Prezident təqaüdçüsü Elvin Hoca Qəniyev gənc skripkaçıların Polşada keçirilən beynəlxalq Henrik Vyenyavski skripka müsabiqəsində türk dünyasını təmsil edib. Müsabiqə iştirakçıları arasında ən gənc ifaçı olan 11 yaşlı həmyerlimiz TÜRKSOY təşkilatının türk dünyasının gənc istedadlarının dəstəklənməsi məqsədi ilə təsis etdiyi xüsusi təqaüdə sahib olmuşdur. Bu məqsədlə qurumun Ankaradakı iqamətgahında xüsusi mərasim keçirilmişdir.
Tədbirdə bildirilmişdir ki, türkdilli dövlətlər, muxtar qurumlar və icmaların mədəni birliyi istiqamətində ciddi işlər görən TÜRKSOY təşkilatı gənc istedadların dəstəklənməsi sahəsində də mühüm addımlar atır. Təşkilatın təsis etdiyi xüsusi təqaüd türk dünyasının gənc istedadlarının nüfuzlu beynəlxalq müsabiqələrdə iştirakı üçün maddi dəstək rolu oynayır. Təqaüdün ilk sahibi, yuxarıda qeyd edildiyi kimi, Ankaradakı Bilkənd musiqi məktəbində təhsilini davam etdirən azərbaycanlı skripkaçı Elvin Hoca Qəniyev olmuşdur. Mərasimdə TÜRKSOY baş direktorunun müavini Fırat Purtaş bildirmişdir ki, Elvin Hoca Qəniyev Henrik Vyenyavski müsabiqəsində 52 dəfə Türkiyəni təmsil etmiş məşhur Ayla Durandan sonra türk dünyasından bu nüfuzlu tədbirdə iştirak edəcək ikinci ifaçı olacaqdır. Müsabiqədə iştirakına kömək göstərən şəxslərə və qurumlara minnətdarlığını bildirən Elvin Hoca Qəniyev tədbirdəki ifası ilə bir daha qarşıdakı yarışmaya tam hazır olduğunu sübut etmişdir. Müsabiqədə 1000 nəfər namizəd arasından seçilmiş 60 iştirakçı qələbə uğrunda mübarizə aparacaqdır. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi həmyerlimizin Polşada keçiriləcək beynəlxalq müsabiqədə iştirakına zəruri kömək göstərmişdir.