Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir möhtəşəm tədbir
Artıq 3 ildir ki, Kanadanın Niaqara şəhərində keçirilən musiqi festivalında Azərbaycan simfonik musiqisi və muğamı səslənir. Zəngin musiqi əsərləri ilə dünyanı heyrətləndirən Azərbaycan, demək olar ki, bütün qitələrdə mənəvi irsini təqdim edir. Bu konsertlərin, musiqi gecələrinin, eləcə də, mədəniyyət gecələrinin təşkili müxtəlif ölkələrin musiqi sevərlərinə bayram hədiyyəsi olur. Belə möhtəşəm tədbirlərin təşkil edilməsində Heydər Əliyev Fondunun rolu müstəsnadır.
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən silsilə tədbirlərin davamı olan konsertlər kanadalılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Niaqara şəhəri bələdiyyəsinin binasında Azərbaycan və Kanada arasında mədəniyyət əlaqələrinin genişləndirilməsi çərçivəsində görüş keçirilib. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyublar. Görüşdə Niaqara şəhərinin Meri Q.Barroks, Azərbaycan Respublikasının Kanadadakı fövqəladə və səlahiyyətli səfiri F.Şəfiyev, və Toronto "İpək yolu" kamera musiqi orkestrinin bədii rəhbəri İ.Hacıyev iştirak etdilər. F.Şəfiyev Şərq və Qərb mədəniyyətlərinin dialoqunda təhsil, mədəniyyət və musiqinin böyük rolu olduğunu və bu sahədə Heydər Əliyev Fondunun və xüsusilə də, fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti barədə danışaraq, 2 ölkə arasında mövcud olan mədəni əlaqələrin daha da genişləndirilməsi və həmçinin, "İpək yolu" layihəsi çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat verib. Konsert proqramında Azərbaycan klassik musiqi əsərləri səsləndirilib.