PDF Oxu

Mədəniyyət

  • 7

Ölkə prezidentinin sərəncamı əsasında bir çox abidələrdə bərpa və yenidənqurma işləri aparılacaq

Ölkə prezidentinin sərəncamı əsasında bir çox abidələrdə bərpa və yenidənqurma işləri aparılacaq
Məlum olduğu kimi, Prezident İlham Əliyev respublika ərazisində tarixi şəxsiyyətlərin, milli qəhrəmanların xatirəsini əbədiləşdirən bir çox abidələrdə bərpa və yenidənqurma işlərinin aparılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, ölkə ərazisində yerləşən monumental heykəltaraşlıq abidələri, xatirə - memorial və memarlıq komplekslərinin ümumi görkəmi qorunub saxlanılmalı və ətrafı abadlaşdırılmalıdır. Bu işlərin həyata keçirilməsi Mədəniyyət və Turizim Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma Arxitektura Komitəsinə, Milli Elmlər Akademiyasına, o cümlədən, Rəssam və Memarlar İttifaqlarına tapşırılıb.
Mədəniyyət və turizim nazirliyinin şöbə müdiri Fikrət Babayevin sözlərinə görə, memarlıq abidələrinin indiki vəziyyəti nəzərə alınarsa, verilən sərəncam abidələrin qorunması istiqamətində yaranan boşluqları aradan qaldıracaq. Şöbə müdirinin sözlərinə görə, bir müddət əvvəl ölkə ərazisində yerləşən heykəllərin və xatirə obyektlərinin vəziyyəti ilə bağlı monitorinq keçirilib.Nəticə heç də ürəkaçan olmayıb. Belə ki, paytaxtda, eləcə də regionlardakı heykəltaraşlıq abidələri nə forma, nə də ki, estetik baxımdan normalara uyğun gəlmir. Bu səbəbdən də, Mədəniyyət və Turizim Nazirliyinin tərkibində dövlət reyestr xidməti və xüsusi komissiya yaradılır. Artıq bu komissiyanın rəyi olmadan hər hansı bir heykəlin və ya xatirə kompleksinin inşası və yenidən qurulması həyata keçirilə bilməz.
Şöbə müdiri deyib ki, paytaxt ərazisində bir sıra abidə və heykəllərin yerlərindən götürülərək təmir edilməsi işləri aparılır. Qəzənfər Musabəyov, Məşədi Əzizbəyov, 11-ci Qızıl Ordu, 26 Bakı Komissarı, Lenin, Karl Marks və digər abidə kompleksləri paytaxt ərazisindən götürülən heykəllər sırasındadır. Lakin sözügedən heykəllər Azərbaycan tarixinin müəyyən bir səhifəsini işıqlandırdığından, bu tip abidələrin məhv edilməsi düzgün hesab edilmir. Bu səbəbdən də, həmin heykəllər üçün xüsusi heykəllər xiyabanının inşası nəzərdə tutulur.
Ölkə ərazisində demontaj edilən bütün abidələr 2010-cu ilin sonlarına kimi yaradılacaq həmin xiyabanda yerləşdirəcək. Hətta bu ərazi gələcəkdə turizim obyektinə də çevrilə bilər. Yeni sahənin ayrılması Bakı şəhər İcra Hakimiyyətinə tapşırılıb.
Bir müddət əvvəl paytaxt bağlarının birindən götürülən İmadəddin Nəsiminin heykəlinə gəlincə, Fikrət Babayevin sözlərinə görə, dahi şairin heykəli tam təmir ediləndən sonra əvvəlki yerinə qaytarılacaq. Hələ, üstəlik, Nəsiminin Suriyanın Hələb şəhərində yerləşən qəbri və qəbirüstü abidəsi də nazirliyin diqqət mərkəzindədir. Yaxın vaxtlarda qəbirüstü abidənin təmiri üçün Hələbə nümayəndələr göndəriləcək.
Prezidentin sərəncamı ilə faşizm üzərində qələbənin 65 -ci il dönümü ilə əlaqədar olaraq gələn il Bakıda və regionlarda həm Böyük Vətən müharibəsi iştirakçılarının, həm də Qarabağ müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidələrin abadlaşdırılması və yenilərinin inşa edilməsi də nəzərdə tutulur.

Digər xəbərlər