Beşinci illik Morgenland festivalı
Avqustun 21-dən 23-dək Aşağı Saksoniyadakı Oznabryuk şəhərində beşinci illik Morgenland festivalı keçiriləcək. Festivalın açılışı cümə günü şəhərdəki St.Marien kirxasının qarşısındakı meydanda olub.
Ertəsi gün şəhər meriyasının binasında festivalın təşkilatçıları və iştirakçıları üçün "Musiqi beynəlxalq festivallar şəbəkəsi üçün körpüdür" mövzusunda ikigünlük beynəlxalq konfransın açılışı olacaq. Həmin gün axşam isə festival iştirakçılarının çıxışları başlanacaq.
Bazar günü festivalda azərbaycanlı musiqiçilər çıxış edəcək. Azərbaycanın xalq artisti, xanəndə Alim Qasımovun və qızı Fərqanənin çıxışlarını R.İslamov və A.Məmmədov müşayiət edəcək. Məşhur fortepiano ifaçısı Salman Qəmbərov isə özünün yaratdığı "Bakustik Caz" qrupu ilə çıxış edəcək.
Yeri gəlmişkən, qeyd edək ki, azərbaycanlı musiqiçilərin çoxsaylı qastrol səfərləri sayəsində onlar həm Vətənimizdə, həm də dünyanın bir sıra ölkələrində şöhrət və hörmət qazanmışlar.
Alim Qasımovun festivalda çıxışlarına dair anonsda deyilir: "O, əsrimizin ən böyük müğənnilərindən biridir. Əgər özünüz üçün yeni bir kəşf etmək istəyirsinizsə, Alim Qasımovun oxumasına qulaq asın".
Caz qrupunun çıxışlarının proqramına "Ay Dilbər" və "Sarı gəlin" xalq mahnılarının işləmələri, habelə, Emin Sabitoğlu, Cahangir Cahangirov və Səid Rüstəmovun əsərləri, Rafiq Babayev və Cəmil Əmirovun instrumental kompozisiyaları daxil edilib.
Festivalın təntənəli bağlanış mərasimi bazar günü saat 23:00-da "Gartenhaus" salonunda olacaq. Bu mərasimdə Oznabryuk musiqi və incəsənət məktəbinin, habelə, Nazaretdəki "Barenboim Said" musiqi məktəbinin şagirdlərinin konserti nəzərdə tutulub.
Festivalın fəal sponsorları arasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi də vardır.