Qəbələdə münsiflər heyətinin qala konserti keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalının proqramına uyğun olaraq hər gün musiqisevərlər üçün müxtəlif konsertlər təşkil edilir.
Avqustun 20-də gənc pianoçuların müsabiqəsinin qaliblərinə və mükafatçılarına hədiyyələr təqdim olunub. Sonra isə müsabiqə iştirakçılarının ifasını qiymətləndirən münsiflər heyətinin qala-konserti olmuşdur.
Tamaşaçılar qarşısında Vinçenso Baltsani (İtaliya), Leonel Moralis (İspaniya) və Murad Adıgözəlzadə (Azərbaycan) dünya və Avropa bəstəkarlarının əsərlərini səsləndirmişlər. Onların çıxışları maraqla qarşılanıb.
Avqustun 21-də keçiriləcək muğam axşamında isə xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramova konsert proqramı ilə çıxış ediblər. Avqustun 22-də isə Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi olacaq.
Bağlanış konsertində İsrailin məşhur Ranaana simfonik orkestrinin müşayiəti ilə solistlər Daniel və Aleksandr Qurfinkel (klarnet), Vyaçeslav Vaynorovski (tenor) və Boris Berezovskinin (piano) çıxışı gözlənilir. Konserti tanınmış dirijor Dmitri Yablonski idarə edəcək.