Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert olub
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir. Festivalda müxtəlif ölkələrdən dəvət olunmuş virtioz pianoçular öz məharətlərini nümayiş etdirirlər. Festival çərçivəsində artıq 4 gündür ki, Qəbələ rayon Mədəniyyət Evində gənc pianoçuların beynəlxalq müsabiqəsi keçirilir. Qeyd etdiyimiz kimi, avqustun 17-də müsabiqənin II turuna start verilmiş, tura avqustun 18-də yekun vuruldu. Avqustun 19-da müsabiqənin final mərhələsi keçiriləcək və qaliblər mükafatlandırılacaqlar.
Avqustun 17-də isə axşam saat 21-də, musiqi festivalının proqramına uyğun olaraq, Qəbələdəki "Qafqaz Resort" otelinin qarşısında açıq havada dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert olmuşdur. Əvvəlcə Müslüm Maqomayevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirdə qeyd olunmuşdur ki, avqustun 17-si dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin doğum günüdür. 67 yaşında dünyasını dəyişən sənətkar bu gün də sevilə-sevilə xatırlanır. Təkrarolunmaz bariton səsi ilə səhnələri fəth edən Müslüm Maqomayev Azərbaycan mədəniyyətini, musiqisini dünyaya tanıtmışdır.
Konsetrdə solistlər Fərhad Bədəlbəylinin və Murad Adıgözəlzadənin, dirijor Dmitri Yablonskinin müşayiəti ilə İsrailin məşhur Ranaana Simfonik Orkestri C.Qerşvinin və L.Bernstaynın əsərlərini səsləndirmişdir.
Xatırladaq ki, avqustun 20-də pianoçular müsabiqəsinin münsiflər heyətinin qala konserti olacaqdır. Ayın 21-də isə Mənsum İbrahimov, Aygün Bayramova, Elçin Həşimov və Elnur Əhmədovun iştirakı ilə muğam axşamı təşkil ediləcəkdir. Festivalın təntənəli bağlanışı avqustun 22-də olacaqdır.