Beynəlxalq yay musiqi festivalı
Azərbaycanı ilk dəfə olaraq bu mötəbər festivalda təmsil edən Əyyub Quliyev dünya klassik musiqisinin ən gözəl nümunələrini səsləndirib
Gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev Çexiyanin tarixi və mədəni mərkəzlərindən olan Teplisa şəhərində keçirilən Beynəlxalq Yay Musiqi Festivalı çərçivəsində konsertlər vermişdir. Festivalın təşkilatçıları - Çexiya Mədəniyyət Nazirliyi, Avropa Musiqi Akademiyası və Sürix Musiqi və İncə Sənətlər Universitetidir (İsveçrə).
Bu festival ənənəvi olaraq hər il yay aylarında keçirilir. Budəfəki festivalda Böyük Britaniya, Danimarka, Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya, Serbiya və Braziliyadan gələn tanınmış musiqiçilər iştirak etmişlər.
Azərbaycanı ilk dəfə olaraq bu mötəbər festivalda təmsil edən Əyyub Quliyevin Şimali Çexiya Filarmonik Orkestri ilə verdiyi geniş konsertdə dünya klassik musiqisinin ən gözəl nümunələri səsləndirilmişdir. Konsertin solisti beynəlxalq müsabiqələr laureatı Katerina Voçetkova (Çexiya) olmuşdur.
Böyük uğurla keçən konsertlərdə Çexiya və digər Avropa ölkələrindən gəlmiş qonaqlar - tanınmış musiqiçilər, ictimai xadimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.