PDF Oxu

Mədəniyyət

  • 9

Şamaxıda 9 abidə aşkarlanıb

Şamaxıda 9 abidə aşkarlanıb

Üç min illik tarixi olan Şamaxı Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Müstəqillik qazanıldıqdan sonra başlanan arxeoloji tədqiqatlar getdikcə bu qədim diyarın zəngin və kəşməkeşli tarixinin sirli məqamlarını üzə çıxarır. Əsrlər boyu yadelli işğalçıların amansız hücumlarına sinə gərmiş qədim şəhər həm də 9 dəfə dağıdıcı zəlzələyə məruz qalmış, hər dəfə də yerlə-yeksan olmuşdur. Axırıncı dəfə belə güclü zəlzələ 1902-cı ildə baş vermişdir. Təsadüfi deyildir ki, arxeoloqlar şəhərin tarixini təkcə bugünkü Şamaxıda deyil, Pirsaat və Girdiman çayları arasında da axtarmaq niyyətindədirlər.
Rayonun ərazisində, hələlik, dövlət qeydiyyatına alınmış 71 tarixi abidə mövcuddur. Daha 9 abidə isə yeni aşkar edilmişdir. Əlbəttə, aparılan və gələcəkdə aparılacaq arxeoloji tədqiqatlar torpaq altında gizlənmiş çox-çox sirləri üzə çıxaracaqdır.
Bu tarixi abidələrdən biri nəinki arxeoloqlar, həm də buraya gələnlər üçün olduqca maraqlı və möhtəşəm olan Qaleyi-Bəyqurd qalasıdır. Təbii sıldırım keçidlər, əlçatmaz zirvələr üzərində ucaldılan bu qala XV əsrdə Şirvanşahların etibarlı sığınacağı olmuşdur. Bu qala on hektarlarla meşə altında yüz illərlə "gizlənmiş" kiçik bir şəhərdir. Üç böyük qala divarı ilə əhatə olunmuş yeraltı şəhərdə kəhriz yolları, at qəbiristanlığı, qala qapılarının tağları, divarların içi boyu keşikçi qüllələrinə gedən yollar indinin özündə də insanı heyrətə salır. Gülüstan qalasından buraya yeraltı yol da olmuşdur. Ətraf kəndlərin, cığırların adı da bu qala ilə əlaqədardır: Qaleybuğurd, Qaladərəsi, Keşmədin və s. Qeyd edək ki, Qaleyi-Bəyqurd qalasından 6-7 kilometr şimal-şərq istiqamətində, keçilməz sıldırım qayalar üzərində daha bir qalanın uçub dağılmış divarları qalmaqdadır. Burada yaşayış binalarının qalıqları da mövcuddur.
Sirlər diyarı olan qədim Şamaxı arxeoloqlar və tarixçilər üçün hələ çox-çox illər zəngin tədqiqat diyarı olacaqdır.

Digər xəbərlər