Bəxtiyar Vahabzadənin doğum günü ilə əlaqədar “Poeziya günü” keçirilib
Unudulmaz xalq şairi Bəxtiyar Vahabzadənin doğum günü ilə əlaqədar onun anadan olduğu Şəki şəhərində "Poeziya günü" keçirilmişdir.
Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının akt zalında tanınmış ziyalılar, şairlər, Milli Məclisin deputatları və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova açaraq bildirmişdir ki, bu ilin əvvəlində əbədiyyətə qovuşmuş xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 2009-cu il 19 fevral tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədi ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi tədbirlər planı təsdiq edilmişdir. Sərəncama uyğun olaraq, artıq Şəki şəhərindəki 1 nömrəli orta məktəbə B.Vahabzadənin adı verilmişdir. Tezliklə şəhərdəki parklardan birində şairin büstü qoyulacaq, ərazidə geniş abadlıq işləri aparılacaqdır. Z.Cavadova diqqətə çatdırmışdır ki, tədbirlər planında, həmçinin, hər il avqustun 16-da, şairin doğum günü Şəkidə "Bəxtiyar poeziya günləri"nin keçirilməsi də nəzərdə tutulmuşdur.
Tədbirdə Milli Məclisin mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov, deputatlar Aqil Abbas, Sabir Rüstəmxanlı, xalq şairi Zəlimxan Yaqub, "Ədəbiyyat qəzeti"nin şöbə müdiri Adil Cəmil, professor Şirməmməd Hüseynov, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri Vaqif Aslan və başqaları çıxış edərək, Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı böyük xidmətlərindən danışmış, onun yaradıcılığının müxtəlif məqamlarına toxunmuş, şairlə bağlı xatirələrini bölüşmüşlər. Natiqlər şairin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Şəkidə belə bir ənənənin əsasının qoyulmasını olduqca vacib və əhəmiyyətli hesab etmişlər. Təklif edilmişdir ki, gələcəkdə bu cür tədbirlərə türk dünyasının yazarları və tanınmış ədəbiyyat xadimləri də dəvət olunsun. Çünki Bəxtiyar Vahabzadə təkcə Azərbaycan ədəbiyyatı və şeirinin deyil, bütövlükdə, türk dünyasının görkəmli şairlərindən biri idi.
Şairin ailəsi adından professor Fərman İsmayılov çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.