PDF Oxu

Mədəniyyət

  • 5

Müslüm Maqomayevin ifa etdiyi mahnılarından ibarət xüsusi toplu hazırlanır

Müslüm Maqomayevin ifa etdiyi mahnılarından ibarət xüsusi toplu hazırlanır
Azərbaycanın görkəmli musiqiçisi, SSRİ xalq artisti Müslüm Maqomayevin ifa etdiyi bütün mahnılarından ibarət xüsusi toplu hazırlanacaq. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu barədə məlumat verib. Nazirin sözlərinə görə, bundan əlavə M. Maqomayevin vəfatının bir ilinin tamam olması ilə əlaqədar onun məzarüstü abidəsinin hazırlanması nəzərdə tutulur: "İlk əvvəl Müslüm Maqomayevin bütün mahnılarından ibarət xüsusi toplusunun buraxılmasını nəzərdə tuturuq. Eyni zamanda, hazırda onun haqqında kitablar hazırlanır. Sözsüz ki, onun vəfatının bir ili ilə əlaqədar silsilə tədbirlər həyata keçiriləcək. Ən əsası isə vəfatının bir ilinin tamamlanması ilə əlaqədar onun məzarı üstündə heykəli qoyulacaq".
Qeyd edək ki, SSRİ xalq artistinin doğum günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sənətkarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda görkəmli müğənni və bəstəkarın xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinə Müslüm Maqomayevin Fikrət Əmirov küçəsi, 1 ünvanda yaşadığı binaya xatirə lövhəsinin vurulmasını, Azərbaycan Nazirlər Kabinetinə isə Bakı şəhərində musiqi məktəblərindən birinə Müslüm Maqomayevin adının verilməsini təmin edilməsi tapşırılıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, M.Maqomayevin adının hansı məktəbə qoyulması sentyabr ayında müəyyən ediləcək: "Bu gün heç bir ad daşımayan məktəblərin cədvəli var. Biz onlara baxıb yəqin ki, sentyabr ayının sonlarında müəyyənləşdirəcəyik ki, hansı məktəbə ad verilməlidir".

Digər xəbərlər