PDF Oxu

Mədəniyyət

  • 9

Göygöl rayonunun 190 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib

Göygöl rayonunun 190 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib
Göygöl rayonunun 190 illiyi ilə əlaqədar "Şəhər günü" keçirilib. 1819-cu ildə buraya sürgün edilmiş almanlar tərəfindən əsası qoyulmuş rayonun yubiley şənliklərində Azərbaycanda səfərdə olan Almaniyanın Baden-Vürtemberq federal torpağının baş naziri Günter Oettingerin başçılığı ilə Almaniya nümayəndə heyəti də iştirak etdib.
Sinələrini yubiley nişanları bəzəyən şəhər ictimaiyyətinin nümayəndələri tərəfindən qonaqpərvərliklə qarşılanan almaniyalı qonaqlar əvvəlcə almanların vaxtilə yaşadıqları Hummel küçəsindəki mədəniyyət və istirahət parkına gəliblər. Burada almaniyalı akkardeon çalanların çıxışlarını dinlədikdən sonra parkı gəzən qonaqlara bu istirahət guşəsində fəaliyyət göstərən "Gənclər evi" barədə ətraflı məlumat verilib. Sonra qonaqlar Göygöl şəhərinin mərkəzi parkında olmuş, burada rayon ağsaqqalları ilə səmimi söhbət ediblər. Daha sonra qonaqlar XIX əsrdə almanlar tərəfindən inşa edilmiş və keçən il Almaniyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə əsaslı təmir edilmiş Lüteran kilsəsinə gəliblər. Qonaqlar təmirdən sonra tarix və diyarşünaslıq müzeyi kimi fəaliyyət göstərən kilsədə rayonun simli alətlərdən ibarət simfonik orkestrinin və məktəblilərin xor kollektivinin çıxışlarını dinləyiblər. Həm Azərbaycan və həm də alman bəstəkarlarının əsərlərinə maraqla qulaq asan qonaqlar ansamblın üzvləri ilə maraqlı söhbətlər etmiş, xatirə şəkli çəkdirmiş, birlikdə xor ifa ediblər.
Sonra muzeyi gəzən qonaqlar vaxtilə burada yaşamış babalarının işlətdikləri məişət əşyalarına maraqla tamaşa etmiş, həmin dövrdə onların geydikləri paltarların nümunələrinə baxmış və nümunələr qarşısında şəkil çəkdiriblər. Burada xalq aşığının ifasında səslənən el havaları da qonaqlarda maraq doğurub.
Muzeydə vaxtilə burada yaşamış almanların siyahısının vurulacağını bildirən guşənin açılışı olub. Almaniyalı qonaqları müşayiət edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidov və Almaniyanın Baden-Vürtemberq federal torpağının baş naziri Günter Oettinger açılışı bildirən rəmzi lenti kəsdikdən sonra yubiley tədbirinin iştirakçıları almanların şəhər mərkəzində inşa etdikləri binanın 2-ci mərtəbəsindən şəhəri seyr ediblər.
Sonra tədbir iştirakçıları əsası almanlar tərəfindən qoyulan Göygöl şərab zavoduna gəlmiş, istehsal prosesini izləyiblər. Müəssisənin 15 metr dərinlikdə yerləşən zirzəmisinə düşən qonaqlar burada şampan şərablarının saxlanması texnologiyası ilə tanış olublar. Müəssisənin rəhbəri Ceyhun İsmayılov qonaqlara bildirmişdir ki, zirzəmidə ilin bütün fəsillərində temperatur 14-16 dərəcə olur.
"Şəhər günü" ilə əlaqədar yubiley tədbirləri Göygöl rayon icra hakimiyyətinin iclas salonunda davam etdirilb. Bu münasibətlə keçirilən konfransda əvvəlcə Azərbaycan və Almaniya mütəxəssislərinin ürək sözlərindən bəhs edən sənədli film nümayiş etdirilib. Sonra Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidov konfransı giriş sözü ilə açaraq yubiley şənliyində iştirak edən bütün qonaqlara rayon əhalisi adından minnətdarlığını bildirmiş və rayonun tarixindən, son illər onun daha da inkişafı naminə görülən işlərdən danışıb.
Milli Məclisin deputatı Rövşən Rzayev, Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina, tarixçi alim, Azərbaycanda alman kaloniyalarının tarixini araşdiran Yeva Mariya Aveh, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov çıxış edərək yaradılanda Helenondorf, indi isə Göygöl adlanan bu rayonun tarixinə iki qaçqınlıq dövrünün - 1819-cu ildə almanların, 1988-ci ildə isə Qarabağ müharibəsi qaçqınlarının taleyi yazıldığını qeyd edərək, əmin olduqlarını bildirmişlər ki, bu problem tezliklə öz həllini tapacaq. Gündən-günə çiçəklənib inkişaf edən Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətləri dilə gətirən natiqlər bunu dövlətimizin başçısının apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi kimi dəyərləndiriblər.
Sonra tədbirdə Almaniyanın Baden-Vürtemberq federal torpağının baş naziri Günter Oettinger çıxış edərək, iki ölkə arasında yaranmış dostluq əlaqələrindən, parlamentlərdəki Almaniya-Azərbaycan dostluq qrupunun səmərəli fəaliyyətindən, eləcə də əsil beynəlmiləl ölkə olan Azərbaycanda bütün millətlər üçün yaradılan bərabərhüquqlu şəraitdən danışmış, bütün bunları öz gözləri ilə gördüyünü vurğulayıb.
Natiq belə görüşlərin davam etdirilməsinin vacibliyini qeyd edərək demişdir ki, istər mədəni və istərsə də iqtisadi əlaqələrin genişləndirilməsində belə görüşlər böyük səmərə verə bilər.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şəhərin əsasını qoyan insanların nəvələrinin bu gün keçirilən 190 illik yubileydə iştirakını müsbət hal kimi dəyərləndirib. Qeyd etmişdir ki, bu gün Azərbaycanda qorunan hər bir tarixi abidə real faktlara söykənir və dövlətimizin başçısı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində ölkəmizin tarixi olduğu kimi təqdim edilir. Göygöl rayonundakı alman mədəniyyəti xəzinəsinə daxil olan bütün abidələrin qorunub gələcək nəsillərə çatdırılması buna əyani sübutdur.
Konfransda rayon icra hakimiyyəti adından almaniyalı qonaqlara xatirə hədiyyələri verilib.
Axşam "Şəhər günü" münasibətilə rayon mərkəzində respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti və atəşfəşanlıq olub.

Digər xəbərlər