Bakıda “Kabusun gözü ilə” adlı filmin çəkilişinin ikinci mərhələsinə başlanılıb
Bakıda Azərbaycan və Fransanın birgə istehsalı olan "Kabusun gözü ilə" adlı filmin çəkilişinin ikinci mərhələsinə başlanılıb.
Bu barədə filmin ssenari müəllifi, məşhur azərbaycanlı dramaturq Rüstəm İbrahimbəyov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Filmin çəkilişləri iyulun 21-də Marseldə başlayıb. Fransada işlər başa çatdırıldıqdan sonra filmin baş rol ifaçısı, Marselin "Turski" teatrının məşhur aktyor və rejissoru Rişar Marten də Bakıya gəlib. Rişar Morten bildirib ki, o, Azərbaycan kinosu ilə 15 il əvvəl Fransada keçirilən Rusiya filmlərini festivalı zamanı tanış olub. "O zaman Rüstəm İbrahimbəyov da ora gəlmişdi. Sonra mən Azərbaycandakı kino festivalına dəvət aldım. Beləliklə də, Azərbaycan kinosunun incəliyi ilə tanış oldum. Mənə elə gəlir ki, bu filmdə oynamaq mənim üçün asan olacaq. Mən Fransada olan çəkilişlərdə Rüstəm İbrahimbəyovla çox rahat işlədim. Mənə elə gəlir ki, Azərbaycanın mühitində də mənə çətin olmayacaq. Əsas odur ki, yaxşı rejissor və onun yazdığı gözəl sənət əsəri var" Martendən başqa, filmdə bolqar Georgi Branev, həmçinin, Teymur Bədəlbəyli, Fatimə İbrahimbəyova, Şükufə Yusupova, Mələk Abbaszadə, Gülzar Qurbanova və başqaları da rol alacaqlar. Filmdə hadisələr fransız aktyor Rişar Marten ətrafında cərəyan edir. O, 1990-cı ilin yanvarında gənc Azərbaycan dövlətinin müstəqillik uğrunda mübarizəsini dəstəkləmək üçün Bakıya gəlir və burada özündən 20 yaş kiçik aktrisaya vurulur. Filmin rejissoru Rüstəm İbrahimbəyovu baş rol ifaçısı Rişar Martenlə uzun illərin dostluq əlaqələri bağlayır.