Qəbələ Beynəlxalq Musiqi Festivalı və pianoçuların müsabiqəsi keçiriləcək
Heydər Əliyev Fondunun dəstəyi ilə avqustun 13-dən 23-dək Azərbaycanın ən gözəl guşələrindən birində - Qəbələ Beynəlxalq Musiqi Festivalı və pianoçuların müsabiqəsi keçiriləcək.
Möhtəşəm sənət yarışına çevriləcək musiqi bayramında dünyanın 15 ölkəsindən nümayəndələr təmsil olunacaqlar. Müxtəlif ölkələri və mədəniyyətləri təmsil edən bir çox tanınmış musiqi xadimləri, eləcə də istedadlı gənc ifaçılar bu yarışlarda iştirak edəcəklər.
İfaçılıq sənətində tanınmış musiqiçilərin konsertləri ilə yanaşı, festival çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi keçiriləcək, gənc ifaçılar üçün dünya şöhrətli musiqi xadimlərinin ustad dərsləri təşkil olunacaqdır.
Konsertin təntənəli açılışında İsrailin Ranaana Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlərin ifasında Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri səslənəcəkdir. Festivalın bir günü vaxtsız itirdiyimiz virtouz sənətkar Müslüm Maqomayevin xatirəsinə həsr olunacaqdır. Festivalın təntənəli bağlanışı tanınmış klarnet ifaçısı Daniel və Aleksandr Qurfinkel, tenor Vyaçeslav Vaynarovski, pianoçu Boris Berezovski və dirijor Dmitri Yablonskinin ifaları ilə başa çatacaqdır.