PDF Oxu

Mədəniyyət

  • 14

Şutur qalası XIII əsrdə monqolların hücumu zamanı dağıdılıb

Şutur qalası XIII əsrdə monqolların hücumu zamanı dağıdılıb
Goranboy rayonunun Abbasqulubəylilər kəndi yaxınlığında arxeoloji qazıntılar zamanı aşkar edilmiş Şutur qalasında aparılan elmi-tədqiqat işlərinin ilkin mərhələsi başa çatmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Gəncə arxeoloji ekspedisiyasının rəhbəri, professor Arif Məmmədovun dediyinə görə, ərazidən tapılan külli miqdarda istehsal prosesinə aid əşyalar sübut edir ki, burada hərtərəfli inkişaf etmiş şəhər mövcud olmuşdur. Bərdə-Gəncə-Tbilisi yolu üstündə yerləşən şəhərdə qazıntılar zamanı Atabəylər, Cəlayirilər, Hülakilər dövrünə aid xeyli sayda pul-sikkələr, əczaçılıq və mətbəx əşyaları, eləcə də ətir üçün şüşə qablar aşkar edilmişdir. Ekspedisiyanın rəyinə əsasən, V əsrdə mövcud olan Şutur qalası XIII əsrdə monqolların hücumu zamanı dağıdılmışdır. Qalanın hər tərəfində aşkar edilən yanmış torpaq izləri onu sübut edir ki, şəhər od vurularaq yerlə-yeksan edilmişdir.

Digər xəbərlər