“Qafqaz film günləri” festivalı keçiriləcək
Avqustun 9-dan etibarən Türkiyənin Artvin vilayətinin Hopa bölgəsində 1-ci "Qafqaz film günləri" festivalı keçiriləcək. Festivalda ölkəmizi rejissor H.Mehdiyevin "Özgə vaxt" filmi təmsil edəcək.
Festival çərçivəsində Azərbaycan, Gürcüstan, Rusiya və Türkiyədən 5 qısametrajlı, sənədli filmlər təqdim olunacaq. Azərbaycanı təmsil edəcək "Özgə vaxt" filminin əsas qəhrəmanı sağalmaz xəstəliyə düçar olan atasına qulluq edən gənc qadındır. Öz həyatını atasına həsr edən Leyla bir neçə il ərzində sevgilisini, dostlarını hətta işini də itirir. Leyla tədricən həyat tərzini dəyişərək atasının vaxtı ilə yaşayır. "Özgə vaxt" filmi naməlum məkan, zaman və böyük fədakarlıqdan bəhs edən fəlsəfi bir hekayətdir. 4 gün davam edəcək festival çərçivəsində bədii və sənədli filmlərlə yanaşı azyaşlı tamaşaçılar üçün cizgi filmləri də nümayiş etdiriləcək. Qafqaz film günlərinin gələn ildən etibarən Qafqaz Filmləri Festivalına çevrilməsi nəzərə tutulub.