Festival Azərbaycanda ilk dəfə olaraq keçiriləcək
Azərbaycanda ilk dəfə olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə Pianoçuların Beynəlxalq Musiqi Festivalı keçirilir. Festival çərçivəsində tanınmış musiqiçilərin konsertləri də təşkil olunacaq. Qəbələ şəhəri bir necə gündən sonra dünya şöhrətli musiqiçilərə ev sahibliyi edəcək. Avqustun 13-dən etibarən, 10 gün ərzində müxtəlif ölkələrdən tanınmış pianoçular Qəbələdə bir araya gələcək. Artıq festivalın hazırlıqlarına başlanılıb. Festivalın musiqi direktoru F.Bədəlbəylinin sözlərinə görə, Qəbələ beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi üçün bütün imkanlara malikdir. Festivalın bir neçə hissədən olması isə onun əhəmiyyətini daha da artırıb. Festival ərəfəsində Azərbaycanın muğam və caz gecələri də təşkil olunacaq. Həmçinin, İsrailin məşhur simfonik orkestrinin çıxışı da tədbirin proqramına daxil edilib. Beynəlxalq tədbirin daha rəngarəng keçməsi üçün münsiflər heyətinin üzvləri də konsert verəcək.