Soltan Hacıbəyovun 90 illiyinə həsr olunmuş konsert
2009-cu ilin Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq, sentyabrın 25-də Azərbaycan Dövlət Filarmoniyasında SSRİ xalq artisti Soltan Hacıbəyovun 90 illiyinə həsr olunmuş konsert təşkil ediləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin məlumata istinadən, tədbirdə Azərbaycan musiqisinin inkişafında özünəməxsus xidmətləri olan bəstəkar, pedaqoq, xalq artisti, Dövlət mükafatı laureatı Soltan Hacıbəyovun yaradıcılığından geniş söz açılacaqdır. Qeyd edək ki, Soltan Hacıbəyovun yaradıcılığında simfonik musiqi janrı əsas yer tutur. Əsərlərindən "Gülşən" baleti (1950) və "Karvan" (1945) simfonik lövhəsi daha çox şöhrət qazanmışdır. "Qızıl gül" musiqili komediyasının, xalq çalğı alətləri orkestri və böyük simfonik orkestr üçün əsərlərin, mahnı və romansların, dram tamaşalarına musiqinin müəllifidir.Gecədə onun məşhur "Karvan" simfonik lövhəsi, "Çiçəklərin söhbəti", "Neft haqqında nəğmə" mahnıları, "Quşcuğaz", "Tənha yelkən ağarır" romansları və simfonik əsərləri səsləndiriləcəkdir.
Xatırladaq ki, Soltan Hacıbəyovun yaradıcılığında uşaqlar üçün yazdığı əsərlər xüsusi yer tutur. O, "İsgəndər və çoban" adlı uşaq operası yazmışdır. Onun balacalar üçün nəzərdə tutulmuş mahnıları, demək olar ki, hər gün ifa olunur. "Oynaq topum", "Layla", "Bənövşə", "Bahar gəldi" və digər bu kimi əsərləri, əslində, milli uşaq musiqi ədəbiyyatının ən gözəl nümunələrindəndir. Yubiley tədbirində bəstəkarın bu səpkidə də olan musiqi əsərləri də ifa ediləcəkdir.