Türk ölkələri Ağrı Dağı Mədəniyyət və Sənət Günləri keçiriləcək
Türkdilli xalqların mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq təşkilatı TÜRKSOY-un dəstəyi ilə Türkiyənin Ağrı şəhəri Valiliyi tərəfindən 6-9 avqust 2009-cu il tarixlərində 4-cü Türk ölkələri Ağrı Dağı Mədəniyyət və Sənət Günləri keçiriləcək. Həmin tədbirlərdə Azərbaycanı Naxçıvan Muxtar Respublikasından "Şərur Qönçələri" Uşaq Yallı Ansamblı təmsil edəcək. Həmçinin, TÜRKSOY-a üzv olan digər ölkələrin də kollektivləri iştirak edəcək. Bundan əlavə tədbir çərçivəsində Türk dünyasının rəssam və fotoqrafçılarının TÜRKSOY rəsm və foto sərgiləri açılacaq.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata əsasən, TÜRKSOY-un sonuncu 25-ci Dönəm Toplantısı 2008-ci ilin 25-26 oktyabrında Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmişdi. 2009-cu il 16-17 oktyabr tarixlərində Bakı şəhərində TÜRKSOY-a üzv ölkələrin mədəniyyət Nazirlərinin Daimi Şurasının 26-cı Dönəm Toplantısı keçiriləcəkdir. Bu məqsədlə türkdilli ölkələrin mədəniyyət nazirləri Bakıya gələcəkdir. Hal-hazırda TÜRKSOY-un Dönəm Koordinatoru Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevdir.