Elizabet Tüdorun əsərləri pozitiv və optimst əhvalın mənbəyidir
Azərbaycan çağdaş ədəbiyyatında yeni, orijinal tərzdə əsərlər yaradan ədiblərin yaradıcılıq irsi dünya ədəbiyyatında novatorçu ideyaların müəllifi olaraq əks-səda doğurur. Yeni əsrdə yeni meyillər, yeni cərəyanların meydana gəlməsi Azərbaycan ədəbi mühitində zənginliyin yaranmasına, oxucuların ədəbi nümunələrə meyilinin güclənməsinə səbəb olur.
Ədəbi mühitə son illərdə tarixi-fantastik janrda yeni ideyaların tərənnümçüsünə çevrilən Lalə Həsənovanın imzası yaxşı tanışdır. Ədəbiyyata təxəllüslə Elizabet Tüdor kimi yol açan Lalə xanımın yardıcılığının zənginliyi, oxucu ilə təmas qurması, onun fərdi üslubunu üzə çıxarır.
Bu günə qədər Elizabet Tüdor bir çox fantastik əsərləri ilə oxucularını tanış etmiş, hər bir əsərində ideyalarının gerçəkləşməsinə nail olmuşdur. Müəllifin Saros seriyasından Barak Kellerman, Boris Qrossman, Abbas Ələkbərov, Tadue Torres və başqa adda olan əsərləri oxuculara təqdim olunub. Həmin seriyadan Lalə Həsənovanın bu günlərdə "Bakı" nəşriyyatı tərəfindən iki yeni kitabı işıq üzü görüb. Bunlardan biri Saros seriyasından olan "Kevin Konnor", digəri isə "Aaron Şmuel" əsərləridir.
"Kevin Konnor" əsərinin mövzusu gənc, lirik ovqatlı, ürəyi, qəlbi sevgi ilə dolu olan şair Kevin Konnorun yaşantılarından bəhs edir. Əsərdə fantastik şəkildə göstərilir ki, Kevin Konnorun ruhu bədənindən ayrılaraq, onu orta əsrlərə aparır. Bu romantik dünyada Kevin Konnor tarixi hadisələrin şahidi olur. Müəllifin fəlsəfi düşüncələri əsasında Kevin Konnor ölmüş insanların bədəninə girərək, onların həyatını yaşayır. Amma Günəşin şüalarının təsiri onu yad bir məkana aparır. Əsərin qəhrəmanının bu səyahəti nə qədər davam edəcək? Onu keçmişə düşdüyü dünyadan gələcəyə necə qayıtmaq olar? Məhz bu məzmun və ideya ətrafında müəllif oxucuları öz qəhrəmanının taleyinin axarına sala bilir. Bu da gənc yazıçıdan böyük qabiliyyət, yazıçılıq manevri tələb edir.
Lalə Həsənovanın digər əsrində "Aaron Şmuel"də isə müəllif günəşin, ayın və sözün sehrinin nəyə gətirib çıxardığı sualına aydınlıq gətirməyə çalışır. Dostların günəşin tutulması zamanı etdikləri dualar zamanı insanları bədənlərindən azad edib, dünyanın müxtəlif hüdudlarına atır. Tarixi reallıqları diqqətə çəkən yazıçı göstərir ki, 17-ci əsr yəhudilərin kütləvi şəkildə qətlə yetirildikləri zaman idi. Aaron Şmuel və onun dostu David Rotşild hadisələrin məkrinə düşürlər. Onları günahlandırıb, mühakimə və edam edirlər. Onların ruhu günəş tutulması zamanı bir bədəndən ayrılaraq digərinə keçərək təkrar olunur. Sarosun gücü dostlar üçün əlçatmaz idi. Bunlar Allahın qəzəbi və sınağı idimi? Tarixi hadisələrə həssaslıqla yanaşan yazıçı ötən əsrləri müasir həyatımızın qovuşağında fantastik təxəyyülünün məhsuluna söykənərək bədiiləşdiri, obrazlaşdırır. Onun yaradıcılıq irsini izləyən hər kəsə məlumdur ki, Elizabet Tüdor dünya tarixinə dərindən bələd olan şəxs kimi reallıqla fantaziyanı bir xətt üzərində canlandırmaqla keçmişlə müasirliyin vəhdətində ideyalarını gerçəkləşdirir.
Bu gün deyə bilərik ki, Elizabet Tüdorun yaradıcılığı dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bu əsərlər dünya ədəbiyyatında rolu olan qələm sahibləri tərəfindən yüksək qiymətləndirilib. Dünyanın bir çox ədiblərinin onu haqqında söylədikləri fikirlər maraq doğurur. Belə ki, Rusiya Yazıçılar Birliyini katibi Aleksey Şoroxov qeyd edir ki, müasir fantaziya nədir sualına hər bir yaradıcı şəxs özü bildiyi kimi cavab verdiyi halda, Lalə Həsənovanın - Elizabet Tüdorun da buna cavabı ənənəvi bir tərzdədir. Onun fantastik əsərləri kainatla bağlı olsa da, əsas süjet insan taleyinin təlatümlü anlarını əks etdirməyə söykənir. Oxucu isə Lalə xanımın möcüzəli süjetini izləyərək insan varlığının gözlənilməz və dəyişilməyən qanunları ilə toqquşduğunun şahidi olur. Bu, təkcə xeyirlə şərin mübarizəsi deyil. Müəllif qəhrəmanların həyat və ölüm sərhədinidə qoyur. Bu isə, onun fəlsəfəsini eksistensializm fəlsəfəsi ilə birləşdirir. Aleksey Şoroxov onun tarixi-fantastik əsərlərini son 100 ildə insan zəkasının ən ciddi irələyişi kimi qiymətləndirir.
Fotorəssam Solomon Yaqodkin isə yazıçının fəaliyyət dairəsinin miqyasını, ideyaların bəşəriliyini səciyyələndirək yazır ki, Lalə Həsənova - Elizabet Tüdorun ədəbi yaradıcılığının əsasını dəyişməyin üçbucaq - keçmiş, indiki və gələcəyin təşkil etdiyini göstərir. Fantaziya müəllifin yaradıcılığının qanadlarına ən optimal formanı bəxş edir. Fantastik yazıçı üçün bu halın müşahidə olunmaması mümkün deyildir. Beynəlxalq Yazıçılar İttifaqının prezidenti Zlata Rapova Elizabet Tüdorun yaradıcılığında fikrin, əqlin dərinliyi ilə müşahidə olunduğunu göstərir. Elizabet Tüdorun əsərlərində fəlsəfi istiqamət hiss olunur. O, qəhrəmanların psixoloji portretlərini məharətlə yaradır. Belə ki, onun toxunduğu hər bir mövzuda müəllifin hadisələrlə bağlı geniş məlumata malik olması özünü göstərir.
Sənətşünas Qalina Rossi isə yazır ki, Lalə Həsənovanın - Elizabet Tüdorun yaradıcılığı bir çox ədəbi janrların birləşməsidir. Fantastika zəminində, o, tarixi hadisələrə, qədim sivilizasiyaların tarixini əhatə edir. Bu, onun özünəməxsus bir üslubda fəaliyyətinin istiqamətlərini müəyyən edən amillərdən biridir. Elizabet Tüdorun əsərləri pozitiv və optimist əhvalın mənbəyidir. Bu isə gündəlik həyatımızda ən çox çatışmayan bir cəhətdir.
Elizabet Tüdor artıq bu və ya digər əsərləri ilə ədəbiyyat aləmində dəsti-xəttini, yaradıcılıq meyillərini ortaya qoyan bir yazıçı kimi tanınır və sevilir. Hər bir əsəri gənc yazıçının hesabatı, daxili tələbatının əksidir. Daim axtarışda olan müəllif yeni məzmunlu əsərləri ilə ədəbiyyatımıza öz naxışını əlavə edə bilmişdir. Yuxarıda qeyd etdiyimiz fikirlərin hər biri onu təsdiqəliyir ki, Elizabet Tüdor dünya miqyasında imzasına hörmət qazandıran bir yazıçıdır.