Firuz Xudaverdiyevin 70 illik yubileyinə həsr olunmuş tədbir
Sənətkar ömrü yaşadığı sənət məkanında yaratdığı müxtəlif məzmunlu obrazlar nöqteyi-nəzərindən təhlil olunur və bu ömrün məsafəsində yaranmış olan qalareyanın ştrixlərinin salnamələrə həkk olunması ilə özünün bu dünyada varlığını sübuta yetirməyi bacarır. Saysız-hesabsız obrazlar və onların psixoloji-mənəvi tərəflərinin ortaya qoyulması sənətkardan böyük aktyorluq qabiliyyəti tələb edən amillərdəndir. Azərbaycanın aktyorluq məktəbində kifayət qədər belə simalar var ki, onların sırasında 70 yaşını qeyd edən respublikanın əməkdar artisti Firuz Xudaverdiyevin də öz dəsti-xətti var.
Azərbaycan Yaradıcılıq Fondunda sənətkarın 70 illik yubileyi qeyd olundu. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə Yaradıcılıq Fondunun "Unudulmaqda olan və hazırda maddi-mənəvi dəstəyə ehtiyac duyan mədəniyyət xadimlərinin səhnə həyatını yaşatmaq" proyekti çərçivəsində Firuz Xudaverdiyevin 70 illiyinə həsr olunmuş tədbiri giriş sözü ilə yaradıcılıq fondunun sədr müavini, əməkdar incəsənət işçisi Rafiq Kəşanlı açaraq Firuz Xudaverdiyevin yaradıcılıq yolunun şaxələrinə nəzər salıb, onun sənət aləmindəki xidmətlərinə diqqəti yönəltdi. O qeyd etdi ki, uzun illər aktyor kimi fəaliyyət göstərən Firuz Xudaverdiyev respublikanın xalq artisti Mehdi Məmmədov kimi bir sənətkardan ali təhsil ocağında dərs almış, onun məktəbinin spesifik xüsusiyyətlərini mənimsəmişdir. Milli Dram Teatrına sənət vəsiqəsini alan Firuz Xudaverdiyev burada Tofiq Kazımov, Adil İskəndərov kimi böyük sənətkarlarla çiyin-çiyinə işləmiş, sənətin sirlərinə daha dərindən bələd olaraq aktyor kimi səhnədə sözünü deyə bilmişdir. Onun yaratdığı obrazlar aktyorun fərdi cizgilərinin birgə təmasında məhz tamaşaçılar tərəfindən böyük alqışlara səbəb olmuşdur. Rafiq Kəşanlı çıxışında bildirdi ki, fondun nəzdində fəaliyyət göstərən "Sönməyən ulduzlar" teatrının üzvü kimi Firuz Xudaverdiyev maraqlı obrazlara imzasını atmışdır. 1998-ci ildən məhz bu teatra üzv olan aktyor Cəfər Cabbarlının "Solğun çiçəklər", Üzeyir Hacıbəyovun "Ər və arvad", Səməd Vurğunun "Vaqif" tamaşalarında əsas rollardan birini yaratmışdır. Bu və ya digər tamaşalarda yaratdığı obrazlar fondun repertuarında xüsusi yer alır. Hazırda teatrda hazırlanan Nazim Hikmətin "Qəribə adam" tamaşasında əsas rollardan biri Firuz Xudaverdiyeva həvalə olunmuşdur.
Rafiq Kəşanlı çıxışında yubiley gecəsini qeyd etdikləri sənətkarın yaradıcılıq və insani dəyərlərini vurğulayaraq, onun bir insan, fərd kimi də keyfiyyətlərinə nəzər saldı. Sənətdə uğurlu addımlarını atan Firuz Xudaverdiyev ailəsində də vətən üçün layiqli övladlar yetişdirmişdir. Rafiq Kəşanlı bildirdi ki, onun tərbiyə etdiyi övladı və vaxtilə Firuz Xudaverdiyevlə bir səhnədə obraz yaradan oğlu məhz Qarabağ müharibəsində şəhid olmuşdur. Sənətkara uğurlar arzulayan Rafiq Kəşanlı onun bundan sonra da maraqlı bir aktyor olaraq sənət qalereyasına müxtəlif obrazların adını yazacağına şübhə etmədiyini bildirdi.
Tədbirdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquqşünaslar İnstitutunun baş elmi işçisi, filologiya elmlər namizədi Məmmədağa Sərdarov çıxış edərək, sənətkarın bu günə qədər Azərbaycan teatrına bəxş etdiyi obrazlara diqqət yetirib, onların hər birində Firuz Xudaverdiyevin nəfəsinin hiss olunduğunu bildirdi. Bu obrazlar onun yaradıcılıq bioqrafiyasıdır. Uzun illər teatrda çalışan və müxtəlif obrazları ilə sənət aləminə yeni çalar, kolorit əlavə edən aktyor bütövlükdə potensial imkanlarını məhz bu sənətə həsr edərək biri digərini təkrarlamayan insan xarakterlərini səhnədə canlandırmışdır. Onun üçün konkret bir janr yoxdur. Hər bir janrda istedadlı aktyor kimi üzərinə düşən məsuliyyəti dərk edib, tamaşaçı üçün maraq doğura biləcək rollarını dolğun tərzdə yaratmışdır.
Yubiley gecəsində Milli Akademik Dram Teatrının aktyoru Elmar Qarayev sənətkarla olan tanışlığından və onun bu illər ərizində necə bir insan olaraq böyük keyfiyyətlərə, aktyorluq məharətinə malik olduğunu bildirdi. Hər dəfə Firuz Xudaverdiyevdən yaxşı mənada nəsə oğurlamağa çalışdığını qeyd edən Elmar Qarayev onu gözəl dost, mehriban insan, maraqlı aktyor kimi xarakterizə edib, sənətkara 70 illik yubileyində can sağlığı, uğurlar arzuladı.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi və "Unudulmaqda olan və hazırda maddi-mənəvi dəstəyə ehtiyac duyan mədəniyyət xadimlərinin səhnə həyatını yaratmaq" proyektinin koordinatoru Gülsəba Ələsgərova, "Sönməyən ulduzlar" teatrının üzvü Zakir Məmmədov, şairə Zöhrə Xəlili, əməkdar incəsənət xadimi, bəstəkar Azər Dadaşov və başqaları çıxış edərək sənətkarın yaradıcılıq xüsusiyyətlərini diqqət önünə çəkib, onun obrazlar qalereyasının məhz, Azərbaycan teatrına bəxş etdiyi orijinallığı nəzərə çatdırdılar.
Yubiley gecəsində iştirakçılara Üzeyir Hacıbəyovun "Ər və arvad" tamaşasından, Cəfər Cabbarlının "Solğun çiçəklər"indən, Səməd Vurğunun "Vaqif"indən parçalar təqdim olundu. Hər bir tamaşada Firuz Xudaverdiyev çıxış edib, sevərək oynadığı rollarını bir daha iştirakçılara təqdim etdi. Bununla yanaşı, müğənni, prezident təqaüdçüsü Raziyə Şirinovanın, Tahirə Muradovanın, Səmayə Sadıqova ifasında klassik musiqi nömrələri səsləndirildi. Şairə Zöhrə Xəlilinin, bəstəkar Gülşən Mirzəyevanın sənətkara həsr etdikləri "70 yaşın mübarək" mahnısı da səsləndirildi.
Tədbirin sonunda Firuz Xudaverdiyev çıxış edərək sənətinə, sənətə və sənətkara verilən qiymətə görə Azərbaycan Yaradıcılıq Fonduna öz dərin minnətdarlığını bildirdi. O, qeyd etdi ki, burada mütəmadi olaraq ziyalılar toplaşmış və bir çox sənətkarların yubiley və yaradıcılıq gecələri bu məkanda qeyd olunmuşdur. Azərbaycan teatr sənətində rolu olan sənətkarların toplaşdığı bu məkanda çox tamaşalar uğurlu səhnə həyatı yaşamışdır. Azərbaycanın xalq artistləri Leyla Bədirbəyli, Sara Qədimova, Muxtar Avşarov, Lütfiyar İmanov, Sofa Bədirzadə və onlarla belə sənətkarlarla məhz bu məkanda ünsiyyətdə olmuş, onların yaradıcılıqları ilə tanış olmuşdur. Bu və ya digər sənətkarlar məhz bu məkanda sənət ömrünün növbəti mərhələlərini yaşamışlar. Firuz Xudaverdiyev onu da qeyd etdi ki, Milli Akademik Dram Teatrında çalışmasına baxmayaraq, bu məkan onun üçün doğma və əzizdir. Buranın ab-havası sənətkarın fonda tez-tez yol açmasına səbəb olur. Firuz Xudaverdiyev sonda yaradıcılıq gecəsini təşkil edənlərə və bura təşrif buyuranlara öz minnətkarlığını bildirdi.