PDF Oxu

Mədəniyyət

  • 10

“Tahirənin intiqamı” adlı filmin çəkilişləri davam etdirilir

“Tahirənin intiqamı” adlı filmin çəkilişləri davam etdirilir
Azərbaycan milli kinosu özünün 111 illiyini qeyd etdi. Bir əsrdən artıq dövr ərzində Azərbaycan kinosuna müxtəlif janrda olan filmlər daxil edilmiş, həmin sənət nümunələrindən bir çoxu müxtəlif müsabiqə və festivallarda ölkəmizə uğur gətirmişdir. Sözsüz ki, bu filmlərin yaranması müxtəlif quruluşları, dövrləri əhatə edir. Kapitalizm, sosializm və son illərdə müstəqillik dövründə yaranan filmlərin hər biri məhz zamanın tələbatından yaranan sənət əsərləridir ki, bu filmlərdə illərin diqtəsini duymamaq mümkün deyildir.
Rəngsiz və səssiz filmlər yarandığı illərdən sonra Azərbaycan kinosunda böyük bir inkişaf başlanır ki, kino tariximizə rəngli və səsli filmlər daxil edilir. 111 yaşını qeyd edən kinemotoqrafiya bu gün özünün çox böyük bir həcmdə olan kinofilmləri ilə tanınır və sevilir. Müasir dövrümüzdə Azərbaycan kino sənətinə yeni filmlər daxil olunmaqdadır. Hazırda yeni bir filmin çəkilişləri davam etdirilir. Bu "Tahirənin intiqamı" adlı filmdir. Filmin ssenari müəllifi, respublikanın xalq artisti, Prezident Mükafatçısı Yasin Qarayevin "Səs" qəzetinə verdiyi məlumata görə, Etibar Sturvinin "Tahirənin intiqamı" əsərini oxuduqdan sonra onun üzərində ssenari yazmaq qərarına gəlmişdir. 2000-ci ildə nəşr olunan əsər Yasin Qarayevdə böyük bir maraq doğurmuş, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə ilə görüşüb, belə bir əsər üzərində ssenari yazmaq fikrini ona bildirmişdir. Onun qələmə aldığı ssenari Azərbaycan Televiziya və Radiosu Səhmdar Cəmiyyətinin Bədii Şurasına təqdim olunmuş və müsbət rəy alınmışdır. Teleradionun sədri Arif Alışanlı aprel ayından filmin çəkilişinə başlanmasına göstəriş vermiş və artıq yaradıcı qrup filmin iki seriyasını tamamlamışdır. Filmin quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə, quruluşçu operatoru İsa Kazımov, musiqi tərtibatçısı İsmayıl Dadaşov, prodüseri Afiq Vəlimətovdur. Paytaxt teatrının aktyorlarının cəlb olunduğu filmdə əsas rolları respublikanın xalq artisti, Prezident Təqaüdçüsü Tariyel Qasımov, əməkdar artist Məsmə Aslanqızı, Elxan Rzayev və başqaları yaradırlar. Tariyel Qasımov filmdə Milli Təhlükəsizlik Nazirliyinin polkovniki obrazını oynayır. Yeni ekran əsərinin qayəsi sadə bir Azərbaycan qızının həyat yolunundan bəhs edir. Gənclik illərindən mübarizə yolunda olan Tahirə filmdə Rasim ilə birləşib bu yolda daha kəskin bir şəkildə fəaliyyətlərini davam etdirilər. Böyük bir mafiyaya qarşı aparılan mübarizə onların həyat məqsədinə çevrilir. Maraqlı süjet əsasında hazırlanmış filmdə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin və Daxili İşlər Nazirliyinin köməyi ilə neqativ hallar ifşa olunur. Yasin Qarayevin sözlərinə görə, 4 hissədən ibarət olacaq bu filmin çəkilişlərinin ilin sonuna qədər tamamlanması nəzərdə tutulub. Filmin çəkilişləri Azərbaycanın dağlıq rayonlarında və Bakının görməli yerlərində aparılır.

Digər xəbərlər