2 Avqust Milli Kino Günüdür
Azərbaycan Milli Kino Günü artıq neçə illərdir ki, kinematoqrafçıların peşə bayramına çevrilib. Hər il ənənəvi olaraq 2 avqust tarixini kino işçiləri peşə bayramı kimi qeyd edir, yaratdıqları filmlərlə peşəkar səviyyədə olduqlarını nümayiş etdirirlər. Sözsüz ki, onların əməyi dövlət tərfindən yüksək qiymətləndirilir və müxtəlif fəxri adlar, mükafatlarla təltif olunurlar. Azərbaycanın müstəqillik əldə etməsi ilə kino işçilərinin də peşə bayramı 27 avqust tarixidə deyil, məhz bu gün qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin sərəncamı əsasında 2 Avqust Milli Kino Günü elan olundu. Təbii ki, yeni baxışlar, yeni quruluş cəmiyyət qarşısında keyfiyyətcə yeni məqsəd və vəzifələr qoymuşdur. Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat istiqamətlərinə çevrilmişdir. 1990-cı ildən sonra Azərbaycan kinosunda çəkilən filmlərin sayı əvvəlki illərə nisbətən azalmışdır. Bununla belə, Azərbaycan kinematoqrafçıları böyük əhəmiyyətli, həyati mövzulara müraciət edərək, estetik tələblərə cavab verə biləcək filmlər çəkmişlər. Belə ki, "Yarasa", "Özgə vaxtı" filmləri o illərin ən mükəmməl filmləri sırasındadır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qayıdışı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında yeni bir dövrün başlanğıcı oldu. O, incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirmiş, Azərbaycan kinematoqrafiya xadimlərinin xalqımızın keçmiş və müasir həyatından onlarca yüksək keyfiyyətli ekran əsərləri yaratdıqlarını çıxışlarında xüsusi vurğulamışdır. Hələ 1970-80-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə kino sənətinin inkişafına, həmin sahədə çalışanlara qayğı və hörmətlə yanaşan Heydər Əliyev Azərbaycan Prezidenti seçildiyi gündən respublikanın kino sənəti xadimlərindən məhəbbətini əsirgəmədi. Heydər Əliyev Azərbaycan kino sənətinin dəyərli ənənələrini yaşadan tarixi mövzuda çəkilmiş bir sıra bədii filmləri yüksək qiymətləndirmişdir. Azərbaycan kino sənətinin tarixini mükəmməl bilən Heydər Əliyev məhz bu ənənə üzərində kinematoqrafçıların fəaliyyət göstərməsini tövsiyə etmişdir. Bir əsrdən artıq tarixə malik olan Azərbaycan kinosunun keçdiyi yol hər kəsə yaxşı bəllidir. Belə ki, bu zəngin ənənəni qorumaq və inkişaf etdirmək sahəsində çox ciddi işlər görülməyə başladı.
Qeyd edək ki, Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri "Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və bir bədii kinosüjetdən - "İlişdin"dən ibarətdir. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M.Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır. 1916-cı ildə Bakıda Ü.Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi. 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. AFKİ sonralar "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən isə C.Cabbarlı adına "Azərdaycanfilm" kinostudiyası adlanır. XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən "Azərbaycan ekranı" kinojurnalı buraxılmağa başlandı.