İkinci Dünya müharibəsi Azərbaycan kinematoqrafiyasında
İkinci Dünya müharibəsi illərində qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr olunmuş "Vətən oğlu" və "Bəxtiyar" kinonovellaları, M.F.Axundovun həyat və fəaliyyətinə dair "Səbuhi" vahid süjet xətti ilə bağlı üç kinonovelladan ibarət "Bir ailə", müharibə dövründə dənizçilərin göstərdikləri igidliklərə həsr olunmuş "Sualtı qayıq T-9" bədii filmləri çəkilmişdir. Cəsur partizan Mehdi Hüseynzadəyə həsr edilmiş "Uzaq sahillərdə" filmi isə Azərbaycanın, eləcə də keçmiş sovet kinosunun nailiyyətlərindəndir. Dinamik, gərgin hadisələr, dəqiqliklə verilmiş xarakterlər, operator və rejissor işinin yüksək səviyyəsi filmə geniş şöhrət qazandırmışdır. İkinci Dünya müharibəsi illərində Azərbaycan sənədli kinosunun bir qrup rejissorları və operatorları cəbhə xəttinə gedərək əsgərlərin qəhrəmanlığını lentə çəkirdilər. Həmin materiallar xüsusi buraxılışlar kimi əsgərlərə göstərilmək üçün müxtəlif cəbhələrə göndərildi. Bu dövrdə Azərbaycan xalqının arxa cəbhədəki əməyini əks etdirən kinojurnallar, kinooçerklər də yaradıldı. "Vətən uğrunda", "Qayğı", "Məktuba cavab", "Qardaş köməyi" və s. 1944-cü ildə "Bakı kinostudiyası" Moskva Sənədli Filmlər Studiyası ilə birgə Xəzər dənizçilərinin qəhrəmanlığından bəhs edən "Xəzərilər" tammetrajlı sənədli filmini çəkdi. 1945-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 25 illiyi ilə əlaqədar rejissor H.Seyidzadə "Əbədi odlar diyarı" tammetrajlı sənədli filmini yaratdı. Müharibədən sonrakı illərdə Azərbaycanda sovet hakimiyyətinin qələbəsinin 30 illiyi münasibətilə 1950-ci ildə "Sovet Azərbaycanı" rəngli tammetrajlı sənədli filmi yaradıldı. Film 1951-ci ildə Kann (Fransa) beynəlxalq kinofestivalının xüsusi mükafatına layiq görüldü.