Milli Kino Gününə həsr olunmuş kino həftəsi
Milli Kino Günü münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin və "Təkan" Tələbə Gənclər İctimai Birliyinin birgə layihəsi olan kino həftəsi iyulun 31-dək davam edəcək.
Həftə çərçivəsində son vaxtlar çəkilən "Küçələrə su səpmişəm", "Yalan", "Arxada qalmış gələcək" və "Hökmdarın taleyi" filmləri nümayiş olunacaq. Ötən gün kino həftəsi çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində qısametrajlı "Ev" və "Qocalar" filmləri nümayiş etdirildi. Beynəlxalq festivallarda uğurla nümayiş etdirilən "Ev" filminin rejissoru Asif Rüstəmovdur. "Dərviş" Prodüser Mərkəzinin istehsalı olan bu film ötən il Kubada keçirilən beynəlxalq kino festivalında "Ən yaxşı qısametrajlı film" nominasiyasında qalib adına layiq görülüb. Festivalda filmin uğur qazanmasına ekran əsərində insanlığa qəddar münasibətin ön plana çəkilməsi səbəb olmuşdur. Kino həftəsində nümayiş etdirilən "Qocalar" qısametrajlı filminin ssenari müəllifi isə Nərgiz Bağırzadə, rejissoru İsmayıl Məmmədovdur. Film qocalığın doğurduğu psixoloji amillərin insan həyatına təsirindən bəhs edir. Film bir ailəni əks etdirən süjet əsasında qurulub.