Kəklik Novruzova fəxri ada layiq görülüb
Azərbaycanda folklor rəqs və teatr sənətinin inkişafındakı xidmətlərinə görə, Kəklik Vəliəddin qızı Novruzova Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Məlumat üçün qeyd edim ki, Kəklik Novruzova Astara rayonunun Səncərədi kəndində anadan olmuşdur.
Bakı Mədəni-Maarif Məktəbini bitirdikdən sonra uzun illər rayon mədəniyyət evində müxtəlif vəzifələrdə çalışmış, "Sevinc" xalq folklor kollektivi tərkibində rəqqas və "Sancaq" bədii təşviqat briqadasında aktyor kimi çıxış etmiş, kollektivin tərkibində bir sıra xarici ölkələrdə -Rumıniyada, Türkiyədə, Rusiyada Azərbaycanın layiqincə təmsil etmiş, 1987-ci ildə keçirilmiş II Ümumittifaq Xalq Yaradıcılığı Festivalının laureatı olmuşdur.
Kəklik Novruzova əmək fəaliyyəti ilə bərabər, qiyabi olaraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsinə daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir.
Kəklik Novruzova 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Cəlil Məmmədquluzadə adına Dövlət Musiqili Dram Teatrına işə dəvət olunmuş, istedadlı aktyor burada bir-birini ardınca bir sıra klassik və müasir yazıçıların əsərlərinin səhnə təcəssümünün tapmasında müstəsina aktyorluq məharəti nümayiş etdirərək tamaşaçıların və teatrşünasların diqqətini cəlb etmişdir. Aktyor işlədiyi teatrın tərkibində Misir Ərəb Respublikasının, Türkiyə Cumhuriyyətində qastrol səfərlərində olmuşdur. Kəklik Novruzova aktyorluq etməsi ilə bərabər, bir çox tamaşalarda rəqslərin quruluşçu rejissoru kimi kimi də fəaliyyət göstərir. Onun əməyi muxtar respublika rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, Cəlil Məmmədquluzadənin adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi ilə əlaqədar bir qrup aktyora, o cümlədən də, Kəklik Novruzovaya Naxçıvan MR-in əməkdar artisti fəxri adı verilmişdir.
Kəklik Novruzova həm də Naxçıvan Dövlət Filarmoniyasında "Araz" Mahnı və Rəqs Ansamblının solistidir.