Bədii ədəbiyyat sözün qüdrətindən bəhrələnmiş fikir və zəka sahiblərinə geniş bir meydanda qələm çalıb, uğur nümayiş etdirmək üçün verilən bir şans, necə deyərlər, istedad meydanıdır. Qələm və təxəyyüllə yaranan ədəbiyyatın məğzində böyük hikmət və məramlar dayanır. Azərbaycanın qeyri-adi təbiəti məhz bu torpaqda böyük sənətkarlar nəsli yetişdirmişdir. İrsi və qeyri-irsi mahiyyət daşıyan sənətkarlıq böyük qəlb, dünyagörüşü, intellektual səviyyə tələb edir.
Bu və ya digər dəyərləri özündə birləşdirən qələm sahibləri cəmiyyətin nüfuzlu təbəqələri sırasına daxildir. Çağdaş Azərbaycan ədəbiyyatının qələm sahiblərindən olan Nurəddin Mirzəyev də daxili mənəvi keyfiyyətləri ilə təqdim etdiyi əsərlərdə oxuculara yüksək səviyyəyə malik bir ziyalı olduğunu çatdıra bilir. Bu keyfiyyətlər məhz gözəl əsərlərin yazılmasına səbəb olur. Ədalət və vicdanın diqtəsinə, daxilindən gələn mənəvi səsə qulaq asaraq yazıb-yaradan yazıçı həyat hadisələrinə birmənalı olaraq yanaşaraq, böyük fikirləri ilə ədəbiyyat aləmində yaradıcılıq təxəyyülünə məxsus olan dəyərləri ortaya qoya bilmişdir. Bu günə qədər onun çap olunan əsərləri zamanın insan təfəkkürünə diqtəsindən yaranmışdır. Belə ki, yazıçının əsərləri birbaşa həyatla bağlı olan əsərlərdir. Onların hər birinin süjeti məhz yaşanılan həyatın təsir gücündən qidalanmışdır. Öz qəhrəmanlarını yaşadığı həyatda axtarıb tapan və onların bədiiləşmiş tipini povest və hekayələrində nəzərəçarpacaq bir səviyyədə təqdim edən Nurəddin Mirzəyev bütün bunları onu əhatə edən insanların, daha dəqiq desək, oxucu üçün marağa səbəb olacaq bir şəkildə qələmə alır.
Uzun illər yaradıcılıq axtarışında olan sənətkar irili-xırdalı əsərləri ilə qəhrəmanların simasında mənfi və müsbət tərəfləri göstərib, ideal səviyyədə təqdim etdiyi obrazları vasitəsi ilə cəmiyyətin xoşagəlməyən tərəflərini qələmə almışdır, Müəllifin bu günə qədər oxuculara təqdim olunan əsərlərinin davamı olaraq bu yaxınlarda "Şirvannəşr" tərəfindən "Yazdıqlarım həyatımdır" adlı əsəri çapdan çıxmışdır. Əsər müəllifin təcümeyi-halı, sənət bioqrafiyasıdır. Səmimi şəkildə bu günə qədər qələmə aldıqlarının həyatı olduğunu etiraf edən Nurəddin Mirzəyev şahidi, iştirakçısı olduğu hadisələrin bədii məcmusunu ədəbiyyata gətirərək, oxucularla özü arasında sanki bir dialoq yarada bilmişdir. Oxucu əsərlər vasitəsi ilə onun şəxsiyyəti, yaradıcılığı, fəaliyyət dairəsi haqqında dolğun məlumatları ala bilir.
Tam qətiyyətlə, yaradıcılığına bələd olan bir fərd kimi, demək olar ki, həyat müşahidələri, gerçəkliklərin əksi Nurəddin Mirzəyev sənətinin qayəsidir. Müəllifin son kitabına müxtəlif illərdə qələmə aldığı hekayələri, oçerk və məqalələri, eləcə də, əsərləri haqqında yazılmış resenziyalar, rəylər, şeirlər toplanmışdır. Kitaba müəllifin "Yağlıvənd gölündə faciə" pyesi də daxil edilmişdir.
Kitabın ilk səhifələrində yer alan yazıda müəllif ədəbiyyata gəldiyi ilk illərdən, onun yaradıcı simalarla olan görüşlərindən, çoxəsrlik tarixə malik olan ədəbiyyat aləmində qarşılanmasından, ədəbi mühitin görkəmli nümayəndələri ilə olan görüşlərindən, əsərlərinə və ümumilikdə yaradıcılıq potesialına olan müasibətdən söz açır. Səmimi qələmin vərəqlər üzərinə saldığı ştrixlər Nurəddin Mirzəyevin təcümeyi-halının surətidir. Yaradıcılığa gələn yollar, sənət meyarlarının özündə əxzi, axtarışlar, nəsr əsərlərinə münasibətlər, müzakirələr və s. bir ömrün yaşantılarını açıq-aydın şəkildə ortaya qoyur. İllərini hədər verməyən və Tanrının ona bəxş etdiyi ömrü vətənə, onun övladlarına həsr edən müəllif zamanın diqtəsini tez həzm edib, onu süzgəcindən keçirərək, məzmun və ideya cəhətdən mükəmməl olan əsərlərinə imza atmışdır. Onun isminin tez bir zamanda tanınmısına səbəb səmimi olaraq həyat həqiqətlərinin əsərlərində etirafının yer alması olmuşdur.
Kitaba daxil olan hekayələrdən bir "Ürəkdə tikişlər"dir ki, bu görkəmli ovtalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsinə ithaf olunub. Sənədli hekayə qısa bir zamanın tarixini əks etdirir. Müəllifin həkimlik borcu olaraq əməliyyatı uğurla başa çatdırması və nailiyyətinə ətrafdakı insanların münasibəti hekayənin əsas hissəsini təşkil edir. Bu əsər tez bir zamanda əks-səda doğurur və dövrü mətbuatda hekayə ilə bağlı məqalələr yer alar. Real hadisələrdən yoğrulmuş əsər bir hadisənin təsviri kimi meydana çıxsa da, burada diqqəti çəkən çox məqamlar var. Müəllifin kitaba daxil edilən "Qırpımovun son məhəbbəti" satirik hekayəsi, "Təndir çörəyi", ""Vaba səngəri", "Zərbə" hekayələri, "O günlər olaydı", "Narahat gecələr", "Dünya boyda ürək" publisistik məqalələri də maraq doğurur. Başdan-ayağa qədər həyat hadisələrinin əksi olan müəllif əsərlərində cəmiyyətdə insan mövqeyini, həyatın təzadlarını, son dövr hadisələrini işıqlandıraraq hadisələrin içində olmuş yazıçı ziyalı kimi qənaətlərini də qəhrəmanlarının dili ilə əsərlərə əlavə edir.
Qeyd etdiymiz kimi, kitaba müəllifin müxtəlif illərdə çap edilmiş əsərlərinə yazılmış rəy və reseziyalar da daxildir. Azəbaycanın tanınmış simaları olan şəxslərin yazdıqları rəylərdə müəllifin əsərləri ətrafında cəm olunmuş fikirlər Nurəddin Mirzəyevin əsrlərinin məzmun və ideyasına müxtəlif səpkidən yanaşan qələm sahiblərinin sərbəst görüşlərinin ifadəsidir. Xalq şairi Məmməd Arazın "Xalq müdrikdir, yanılmaz", Vaqif Yusiflinini "Söz də sağalda bilir", yazıçı Mustafa Çəmənlini "Nurəddin Qəmbərin romanları", yazıçı Əlibala Hacızadənin "Nurəddin Qənbərin "Xeyir xəbər" kitabı haqqında rəy", şair Baba Vəziroğlunun "Yaralı qağayı" və s. başlıqlı məqalələrində Nurəddin Mirzəyevin fikir dünyasının ədəbiyyata gətirdiyi yeni nəfəsdən, rəng çalarlarının şaxəliyindən, ideya və məzmunun insan düşüncəsinə olan təsirindən söz açılır. Bu yazılar onu göstərir ki, Nurəddin Mirzəyevin yaratdığı əsərlər oxucu marağındadır. İnsan xarakterlərinin, psixologiyasının açılmasına xidmət edən əsərlərdə həyat eşqi, insani münasibətlər, bəşəri mahiyyət kəsb edən ideyalar, vətənpərvərlik hissləri, Azərbaycana olan məhəbbət və s. ön planda verilərək, fərdi insanların taleyi nəsrdə özünəməxsus bir tərzdə yer almışdır. Əsərlərdəki bütün məqamlara, yazıçının yaradıcılıq xüsusiyyətlərinə münasibət bir məcmu olaraq kitaba toplanmışdır.Nurəddin Mirzəyevin "Yazdıqlarım həyatımdır" kitabı müəlliflə sanki bir ünsiyyət vasitəsi, tanışlıq məqamıdır. Müəlifin tərcümeyi-halı həyata ilk addımı, sənət və yaradıcılıq səhifəsinin başlanğıcıdır ki, bu da bir insan ömrünün onilliklərindən verilən soraqdır.