Dədə Qorqud Layihəsi çərçivəsində filmin çəkilişinə başlanılacaq
TÜRKSOY tərəfindən Türk Dünyasının ortaq dəyəri olan Dədə Qorqud irsinin dünyada tanıdılması məqsədilə müvafiq layihənin həyata keçirilməsinə başlanmış və layihə çərçivəsində "Dədə Qoqud" təqdimat filminin çəkilməsi nəzərdə tutulmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata əsasən, bu filmin çəkilməsini TÜRKSOY-la yaxından əməkdaşlıq edən Qazaxıstanda fəaliyyət göstərən "TÜRKSOY-a Dəstək Fondu"nun çəkiliş qrupu həyata keçirəcək. Cari ilin 18-23 iyul tarixlərində Türkiyədə çəkiliş aparılmış və 23 iyul tarixindən isə Azərbaycanda növbəti proseslərin həyata keçirilməsinə start verilmişdir. Bu çəkilişlər iyul ayının 26-na qədər davam edəcək. Eyni zamanda, Türkiyənin İstanbul, Bayburt,Trabzon və Ankara bölgələrində çəkilişlər aparılacaq. Bu məqsədlə 23 iyul tarixində Bakıya gəlmiş Berik Barışbekovun (fondun prezidenti) rəhbərliyi altında 4 nəfərlik çəkiliş qrupu müvafiq sahəni araşdıran alimlərlə görüşüb, bəzi çəkilişlərin aparılması haqqında razılıq əldə olunmuşdur.
Xatırladım ki, qədim Naxçıvan torpağında Dədə Qorqudla bağlı tarixi abidələrin və yer adlarının mövcud olduğunu nəzərə alaraq, çəkiliş qrupu Naxçıvana da səfər edəcək. Dədə Qorqud Layihəsi çərçivəsində çəkiləcək təqdimat filminin gələn il UNESKO-da keçiriləcək TÜRKSOY həftəsində nümayiş etdirilməsi nəzərdə tutulmuşdur.