PDF Oxu

Mədəniyyət

  • 12

Mirəhməd Əsgərov - 65Bir ömrün sənət bioqrafiyası

Mirəhməd Əsgərov - 65Bir ömrün sənət bioqrafiyası
Sənət məbədi adlı məkanın sakinlərinin sayı-hesabı olmasa da, burada ismini həkk etmiş şəxslərin tərcümeyi-halı onların bir fərd olaraq hər birinin keçdiyi yolun keşməkeşli, maraqlı səhifələrlə zəngin fəaliyyətini əks etdirir və orijinal şəkildə təqdim olunan ömür məsafəsində sənətə olan xidmətini işıqlandırır. Belə ömür yaşayan sənət xadimlərindən biri də, bir çox incəsənət xadimlərini səhnəyə, sənətə hazırlayan Mirəhməd Əsgərovdur. 23 yaşından başlayaraq Azərbaycanın ilk sənət məbədi olan İ.M.Əbilov adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən, ömrünün bu gününə qədər də həmin müəssisədə çalışan Mirəhməd Əsgərov bir insan ömrü üçün uzun olan məsafədə bu gün böyük bir qürurla yaradıcılığın 45, ömrünün 65 yaşını qeyd edir. Onun bədii rəhbəri olan mərkəz Azərbaycan sənətinin inkişafında rolu olan insanların yetişməsində əməyi və rolu olmuşdur. Bədii rəhbər olsa da, çoxlarının nəzərində, o, böyük ziyalı, şəxsiyyətdir. Bu məfhumları isminin ətrafında cəmləşdirən Mirəhməd Əsgərov uzun illərin gərgin əməyi nəticəsində saysız musiqiçilər nəslinin yetişməsində imzasını atmışdır. Belə bir sənət məbədində işləyib, püxtələşən Mirəhməd Əsgərovu bu mərkəz tanıtmış, seçilən simalar arasında nüfuz sahibi etmişdir.
Azərbaycanın səfalı guşələrindən olan Astarada dünyaya göz açan Mirəhməd Əsgərov paytaxta - şəhərin qaynar həyatına ilk qədəmlərini basdığı zaman çoxları kimi bu məkanın ab-havasını həzm etmək onun üçün də bir o qədər də asan olmayıb. Tanrının ona bəxş etdiyi istedaddan bəhrələnərək daim öz üzərində işləmiş, hətta məktəb illərində belə, təhsil ocağında təşkil olunan tədbirlərdə çıxış etmiş, milli sənət nümunələrini özündə əxz etməyə çalışmışdı.
Müharibə dövrünün amansızlığını, müharibədən sonrakı illərin çətinliyini dadmış bir insan kimi əzab-əziyyətin nə olduğunu bilirdi. Anasının həkim, atasının müəllim olmasına baxmayaraq, bütün yaşıdları kimi maddi və mənəvi sarsıntını dadmışdır. Ailənin qayğıları, zamanın çətinlikləri Mirəhməd Əsgərovun sənətə olan maraq hissini üstələyə bilmirdi. Belə ki, təşkil olunan konsert proqramlarında iştirak edir, radio dalğaları vasitəsi ilə yayımlanan muğam və xalq musiqisinə həsr olunmuş proqramları dinləməyə vaxt ayırırdı. Sara Qədimovanın, Şövkət Ələkbərovanın konsertlərini canlı dinləmək taleyinə nəsib olub, özü də bilmədən getdiyi yol onu sənət körpüsünə doğru aparmışdır. Bu yolun tarixçəsi məktəb illəri ilə bağlı olmuşdur. Hətta ailədən ona verilən məktəb pullarını toplayıb musiqi aləti almaq fikrinə düşür və anası Bakıya gedərkən, ondan həmin pullara qaval və tar almağı xahiş edir. Bu anada təəccüb və kövrəklik yaradır. Beləliklə, bu musiqi alətləri ilə musiqi dünyasına estafet alır. Tar dərnəklərinə, özfəaliyyətə üzv olub sənət cığırlarının ilk relsləri üzərinidə öz rahatlığını tapır. Bir ailədə tərbiyə alan qardaşların heç biri incəsənət aləmini seçməmiş və demək olar ki, bu nəsildə sənətkar yetişməmişdir. Mirəhməd müəllimin düyagörüşündəki fərqlilik, özünəməxsus sənət meyarları onu Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) gətirir. Yaxşı deyiblər, niyyətin hara, mənzilin də ora. Onun ilk əmək kitabçası Oktyabr rayonunda (iniki Yasamal rayonu) açılır. Rayon ərazisində olan 150 saylı məktəbə laborant vəzifəsinə işə düzəlsə də, ali təhsilini başa vuran kimi sənət dünyasında özünün yerini tapır. Tale elə gətirir ki, onu gənc yaşlarında ikən İ.M. Əbilov adına Mədəniyyət Mərkəzinə bədii rəhbər təyin edirlər. Buranın öz qayda-qanunu tələbləri var idi. Bir tərəfdən mərkəzdə özfəaliyyət dərnəklərinə üzv olan istedadlı və müxtəlif yaş dövrünə mənsub yaradıcı şəxslərlə çalışmaq, digər tərəfdən isə mərkəzin yerləşdiyi məkanın sakinləri ilə dil tapıb, fəaliyyət göstərmək. Bakı əhlinin özəyinin yaşadığı bir yerdə işləyən Mirəhməd Əsgərov o illərdə buranın ağır qayda-qanunları ilə öz iş prinsipini qurmalı idi. Təbii ki, burada özünü tapıb, çox sınaqlardan çıxaraq gənc ikən böyüklük, müdriklik göstərməyə nail olur. Ona qədər bu mədəniyyət ocağında kimsə 3 ildən artıq fəaliyyət göstərə bilmədiyi halda, o, ömrünü bütövlükdə bu ocaqla bağlayır. Mərkəzin direktoru mərhum Ruqiyyə Əliyeva xatirələrində yazır ki, elə bir gün olmazdı ki, mənim bədənimin bir yeri göyərməsin. Qeyd edim ki, bura ilk əvvəl qadın klubu olub. Gənc Mirəhmədə bu kluba bədii rəhbər işləmək təklif olunanda təklifə bir qədər tərəddüd etsə də, razılıq verir. Bu mədəniyyət ocağından nəhəng sənətkarlar pöhrələnmişdir. Ələsgər Ələkbərov, Mehdi Məmmədov, Sara Qədimova, Şövkət Ələkbərova kimi sənətkarları yetişdirən mərkəz böyük məsuliyyət tələb edən bir məkan idi. Mirəhməd Əsgərovun həyatında 1967-ci ildən başlanan bu yol bu günə qədər davam edir. Mirəhməd Əsgərov burada böyük sənətkarlardan Adil Gərayla çiyin-çiyinə işləməli olur. Həmin illərdə Adil Gəray Azərbaycan Milli Konservatoriysının dosenti, bəstəkar, "Şəlalə" ansamblının bədii rəhbəri idi. Tez bir zamanda yaradıcı kollektivlə yaranan ünsiyyət Mirəhməd Əsgərovun fəaliyyət dairəsinin parlamasına gətirib çıxarır. Burada "Şəlalə" ansamblı, "Xalq teatrı" və fortepiano kursu fəaliyyət göstərirdi. Onun dəvəti ilə Arif Hüseynov burada "Rəqs qrupu" yaradır. Çox keçmir ki, "Satirik teatr", eləcə də qızlardan ibarət rəqs qrupu yaranır. Beləliklə, müxtəlif məzmunda olan kollektivlərin sayı on üçə qədər qalxır. İllər ötdü, tərəddüdlər, qayğılar, çətin sınaqlar arxada qaldı və indi Mirəhməd Əsgərov bu mərkəzin mahir bilicisi olaraq hər küncdə- bucaqda nəyin olub-olmadığını, necə deyərlər, gözüyumlu bilir. 42 il bir müəssisədə bədii rəhbər etmək, təbii ki, müəssisənin əlifbasının yaradıcısı və bilicisi olmaq deməkdir. Mirəhməd Əsgərovun əməyi hər zaman mükafatlara layiq görülmüşdür. Dövlət tərəfindən, demək olar ki, daim diqqətdə olub. Mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən, Bakı şəhər Mədəniyyət İdarəsi tərəfindən yubiley tədbirləri təşkil olunub. Bu günlərdə nazirliyin təşəbbüsü və qərarı ilə 65 illik yubileyi təntənəli şəkildə Rəşid Behbudov adına Mahnı Teatrında keçirildi. Bu illər ərizində SSRİ Silahlı Qüvvələrinə mədəni hamilik əlaçısı, SSRİ Mədəniyyət nazirinin fəxri diplomu ilə təltif olunub. Bədii özfəaliyyətin inkişafındakı xidmətlərinə görə görə SSRİ Mədəniyyət Nazirliyinin medalına layiq görülüb. Onlarla belə mükafat və adların daşıyıcısıdır.
Bütünlükdə varlığını, işini sevib-seçdiyi yaradıcılıq məkanına bağlayan Mirəhməd Əsgərov illərin necə ötdüyünü belə hiss etməmişdir. Bir müəssisənin rəhbəri olmaqla yanaşı, müdrikliyini təsdiq etdiyindən ona bir valideyn kimi münasibət bəslənilmişdir. Bu, onun üçün hər bir mükafat, ad və hədiyyədən artıqdır. Həyatını belə yaradıcı uşaqlara bəxş edən Mirəhməd Əsgərov ailədən çox, bu ocağa bağlanmışdır. Bəxtiyar Vahabzadə kimi bir şair ona fəaliyyətini nəzərə alıb ona "işgüzar oğlan" adı vermişdir. Digər sənətkarlar isə onu "1 nömrəli rəhbər" deyə çağırırlar. Yeri gəlmişkən, deyim ki, Bəxtiyar Vahabzadə ilə sovet dövründə görüşlər təşkil edilməsi çətin olsa da, bu gəncin inadkarlığı nəticəsində üç dəfə burada onunla maraqlı görüşlər keçirilmişdir. Xalq yazıçısı Mirzə İbrahimovla keçirdiyi görüşü Mirəhməd Əsgərov belə xatırlayır: "Mirzə İbrahimovla görüş təşkil etmək üçün bir ay onun evinə gedib-gəlmişəm. Heç cür razılıq ala bilmirdim. Axırda sual verdim ki, Mirzə müəllim, niyə razılıq vermirsiniz? O isə cavabında bildirdi ki, mən müğənni, rəqqas deyiləm, tamaşaçı gəlib məndən nə tələb edəcək? Mən isə bildirim ki, tamaşaçılar qaranlıq qalan, maraq doğuran suallarına cavab almaq üçün sizin görüşünüzə gələcəklər. Mirzə müəllim bir qədər fikrə getdikdən sonra sən əminsən ki, tamaşaçı auditoriyasını dolduracaqsan? Bəzi mətbuat bundan istifadə edib yozumlar əsasında məqalələr yazacaqlar. Mən bunun müqabilində qətiyyətlə bildirdim ki, əgər 850 tamaşaçı tutan zalda 3 nəfər əskik olsa, o zaman ixtiyar sahibi kimi, bizi tərk edə bilərsiniz. Belə də oldu. Zalda bir nəfərlik də yer qalmamışdı. Mirzə İbrahimovun üzündə məmnunluq hissini görüb, qürurlandım və təvazökarlıqla dedim: "Mirzə müəllim, mənə görə yox, sizin nüfuzunuza görə bu qədər tamaşaçı toplaşıb. İsmayıl Osmanlı, Hökumə Qurbanova kimi sənətkarlar görüşə gəlmişdilər."
Mirəhməd Əsgərovun rəhbərlik etdiyi mərkəzdə iki böyük albom diqqətimi cəlb etdi. Bunların hər biri səhifəsində mərkəzin fəaliyyətini əks etdirən xoş sözlərdən yaranmışdır. Albomlarda kimlərin imzasına təsadüf olunmurdu. Təkcə bu il mədəniyyət mərkəzinin zalında 20-yə qədər tədbir keçirilib. Yubiley gecələri, yaradıcı işsanlarla görüşlər. Artıq yaxın gələcəkdə keçiriləcək tədbirlərin planı belə hazırlanıb. Sentyabr ayında Üzeyir Hacıbəyovun yubileyi ilə bağlı keçirilən tədbirdə mərkəzin "Uşaq teatrı" bəstəkarın felyetonları əsasında tamaşa oynayacaq. Mirəhməd Əsgərov daim axtarış, gərgin əmək tələb edən yeni nailiyyətlərə imza atır. Mədəniyyət evinin "Oğuzlar" ansamblı bu günlərdə Türkiyənin Yozqat şəhərində keçirilmiş beynəlxalq "Sürməli festivalı"nda çıxış etmişdir. "Oğuzlar" folklor qrupunun üzvləri TÜRKSOY-un Ankaradakı baş qərargahında da olmuş, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi adından Bakıdan gətirdikləri qədim musiqi alətimiz tarı təşkilatın binasında keçiriləcək türk dünyası musiqi alətləri sərgisində nümayiş olunmaq üçün quruma təqdim etmişlər. Onun bədii rəhbəri olduğu mərkəzlə bağlı Azərbaycan televiziyası "Əbilov klubu" adlı film çəkib.
Bəli, yeni layihələr, yaradıcılıq planları ilə ömrünün gənclik çağını arxada qoyan, çətinliklərin süzgəcindən ələnib mükəmməl bir insan kimi fərdi keyfiyyətlərini, potensialını ortaya qoyan Mirəhməd Əsgərov bir rəhbər, bir insan kimi cəmiyyətdə özünəməxsus olan bir yerə sahibdir. Etiraf edək ki, sənətdə yaradıcılıq fəaliyyətində uzun illər yol gəlib, amma sonda "nə etdim" sualı ilə üz-üzə dayanan insanların cavab verə bilməyəcəyi, qürur duyacağı bir məqamı xatırlamağa mənəvi gücü çatmır. Amma haqqında söz açdığımız sima sənət tərcümeyi-halında xatırlanan və deməyə sözü ola bir insandır. O insandır ki, Tanrının ona bəxş etdiyi istedadı zəhməti ilə birləşdirib, həyat və sənət meydanında var gücü ilə yol gedib. Onda olan aktyorluq qabiliyyəti, komediya və tragikomediyaya meyil, gözəl səs imkanları, ifaçılıq qabilliyyəti uğurlarla nəticələndi. Hələ ali təhsil ocağında səhnə danışığı müəllimi Müxlis Cənizadə Mirəhməd Əsgərovun böyük istedad sahib olduğunu bildirmiş, onda aktyorluq qabiliyyətinin özünü qabarıq şəkildə göstərdiyini söyləmişdir. Onun fakültəsini dəyişmək fikrinə düşsələr də, Tanrının yazdığı qismət payı artıq hökmünü vermişdi. İncəsənətin bir çox sahələrinə olan meyil və həvəsi onu bir rəhbər kimi yetişdirdi. Özü sənət aləminə yeni nəfəs, işləmə texnologiyası gətirdi. İlk dəfə zala mikrofonun qoyulması, məhz onun təşkil etdiyi tədbirdə mövcud oldu. Onu təşkil etdiyi tədbirlər, sadəcə olaraq, plan doldurmaq məqsədi daşımırdı, tamaşaçı mənəviyyatına təsir etmək, mənəvi dünyasına qida bəxş etməyə xidmət edirdi. Özü belə bunlardan ilham almış, bu gün də ilham mənbəyidir.
Mirəhməd Əsgərov yaşının bu çağında gənclik eşqi ilə çalışır, özünün təşəbbüsü ilə istedad sorağı ilə Azərbaycanın rayonlarını gəzir, harda bir istedada rast olursa, onu mərkəzə cəlb etməyə cəhd göstərir. Yol aldığı məktəblərdə bütün sinifləri gəzib onları az da olsa sənətlə bağlı təlimatlandırır. Bu həvəsli bir şəkildə təqdimat mərkəzə axının başlamasına səbəb olur və buraya üz tutan şəxslər ilk kövrək addımlarında sevinc dolu anlar yaşayırlar. Hətta yol gedəndə belə istedadlı gənclər sorağı ilə gedir. Bəli, onu bu mədəniyyət evi tanıtdırıb və sevdirmişdir. O, bu gün fəxrlə deyir ki, Azərbaycanın hər bir kəndində mənim bir evim var. Özünü xoşbəxt və dünyanın bütün varı ilə təmin olunmuş insan sanır. 65 illik yubiley tədbirində Kəmalə Abıyevanın ifadə etdiyi fikirlər sanki onun əyninə biçilmişdir: "Elə bil, Mirəhməd müəllimin dünyada heç nə vecinə deyil. O, sanki nə fəxri ad, Prezident təqaüdü, medal və s. olduğu haqda düşünmür. Mirəhməd müəllim yalnız başqalarının müəyyən medal və fəxri adlarla təltif olunması sevinci ilə yaşayır. Həmişə üzündə həyat sevinci, xoşbəxt tale yaşayan bir insanın səmimi ifadəsi sezilir." Sənət aləmində sevincli illərini yaşayan Mirəhməd Əsgərovun gözü tox, qəlbi nurludur. Elə ömrünə səpilən bu nurdur onu yaşadan və cavanlıq eşqi ilə fəaliyyətdə olmasını təmin edən. Qazandığı nailiyyətlərə görə isə, Tanrıya minnətdardır. Bu illər ərizində isə bağlandığı peşəylə bağlı qənaəti belədir: " Mədəniyyət Mərkəzin bədii rəhbərinin istedadı yoxdursa, musiqini bilmirsə, təsviri sənətdən xəbərdar deyilsə, o zaman o, üzərinə düşən işi yerinə yetirə bilməz. Bədii rəhbər mədəniyyət mərkəzinin döyünən ürəyidir".

Digər xəbərlər