PDF Oxu

Mədəniyyət

  • 3

“Muğamat var olan yerdə” adlı konsert proqramı keçirilib

“Muğamat var olan yerdə” adlı konsert proqramı keçirilib

Azərbaycan milli sənətinin ən möhtəşəm nümunəsi və musiqinin akademik janrı olan muğam əsrlər boyudur ki, müxtəlif nəsilləri təmsil edən ifaçıların repetuarında yer almış, zaman-zaman süzgəcdən keçərək kamil, mükəmməl əsər kimi dövrümüzə gəlib çatmışdır. Bu musiqi dünyanı dolaşan, Azərbaycanın sənət tərcümeyi-halına çevrilən abidədir.
Müasir dövrümüzdə muğam sənətinə olan dövlət səviyyəsində diqqət bu janrın dünya musiqişünaslarını, eləcə də, yüksək zövqlü dinləyiciləri necə təəccübləndirdiyi hər birimizə məlum olan bir məqamdır. Muğam bəşəriyyət ilə təmasda olan musiqidir. Tərcüməsi olmadan belə insanları bir-birinə yaxınlaşdıran və mənən dinləndirən bu musiqi əsərinin beşiyi Azərbaycan olduğundan qürurlanırıq.
Respublikamızda keçirilən muğam müsabiqələri, muğam gecələri gənc, yetişən nəslin bu sənətə olan bağlılığını bir daha göstərir. Belə tədbirlərdən bir klassik Azərbaycan muğamlarına həsr olunmuş konsert proqramı Bibiheybət qəsəbə Mədəniyyət evində təşkil olunmuşdur. Mədəniyyət evinin səhnəsi və divarlarından muğam tarixində adları qızıl hərflərlə yazılmış klassik Azərbaycan musiqiçilərinin, bəstəkarlarının və korifey muğam ifaçılarının, xanəndələrinin fotoşəkilləri və "Muğamat var olan yerdə" adlı plakat asılmışdır. "Muğamat var olan yerdə" adlı konsert proqramını Bibiheybət qəsəbə Mədəniyyət evinin musiqi kollektivi həyata keçirirdi. Tədbirdə Bibiheybət qəsəbə sakinləri, ağsaqqalları, ziyalıları, qəsəbə kütləvi kitabxanasının kollektivi və digər dəvət olunmuş qonaqlar iştirak edirdilər.
Tədbirin bədii rəhbəri və rejisoru Şahin Verdiyev qonaqları, muğam həvəskarlarını salamlayaraq konserti açıq elan etdi. Şahin Verdiyev Azərbaycan muğamlarının tarixi inkişafında, təsnif və xalq mahnılarının, dəraməd və rənglərin yaranmasında böyük xidmətləri olan Mir Möhsün Nəvvab, Cabbar Qaryağdıoğlu, Sadıqcan, Mütəllim Mütəllimov, Hacıbaba Hüseynov, Seyid Şuşinski və Xan Şuşinski, Yaqub Məmmədov, Əbülfət Əliyev, Arif Babayev, Əlibaba Məmmədov, İslam Rzayev, Alim Qasımov və s. kimi sənətkarların, ustad xanəndələrin, eləcə də muğamlarımızı simfonikləşdirən dünya şöhrətli bəstəkarlardan Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Niyazi və başqalarının adını qürur hissi ilə xatırladaraq, onların muğam sənətinin inkişafında olan böyük xidmətlərindən danışdı. O, qeyd etdi ki, bu ustad sənətkarlar xalq musiqimizi, ana laylalarımız olan muğamlarımızı öz əcdadlarından əmanət olaraq qəbul etmiş, onu göz bəbəyi kimi qorumuş, inkişaf etdirmiş və bütün dünyada fəxrlə təbliğ və tərənnüm etmişlər.
Ş.Verdiyev bu gün bu missiyanın daşıyıcısının Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın olduğunu bildirərək, muğamlarmızın dünya miqyasında tanınması və şöhrət tapması üçün onun böyük səy göstərdiyini diqqətə çatdırdı. Onun muğamlarımıza, istedadlı gənc muğam ifaçılarına, eləcə də korifey muğam ustadlarına ayırdığı diqqət, göstərdiyi qayğı, etdiyi dəstək hər bir azərbaycanlını sevindirir: "Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakının mərkəzində tikilən, dünyada analoqu olmayan Muğam Mərkəzinin Azərbaycan musiqisinə, mədəniyyətinə bir töhfə olduğunu qeyd etməmək mümkün deyil. Ümidvar ola bilərik ki, gənc, istedadlı Azərbaycan xanəndələri onlara ayrılan bu diqqət və qayğını, bəslənən etimadı layiqincə doğruldacaq, bütün dünyada muğamlarımızın nəyə qadir olduğunu nümayiş etdirəcəklər."
Tədbirdə bədii qiraət ustası Şəhla Əlizadə iştirakçıların ovqatına yeni rəng qataraq, mərhum xanəndə Hacıbaba Hüseynovun "Muğamat var olan yerdə" qəzəlini söylədi:

Sədai musiqi xoşdur, mənimlə yar olan yerdə,
Xüsusən, zövq alar arif, muğamat var olan yerdə.
Yaranmışdır muğamatım əcəb bir şux qəzəllərdən,
Qəzəllər ixrilaf eylər qara gözlü gözəllərdən,
Gözəllər imtina etməz bu sevdaya dözənlərdən
Həmişə şad olur könül kamança, tar olan yerdə,
Xüsusən, zövq alar, arif, muğamat var olan yerdə.

Qəzəldən lirika, sənətə, muğama, milli alətlərimizə olan məhəbbət hissi süzülüb gəldikcə, tədbir iştirakçıları bu hikmətin ağuşunda klassik irsimizin mənəvi dəyərini bir daha dərk edərək, sözün və musiqinin hikmətindəki aliliyin bəşər övladı üçün hər şeydən üstün olduğunu, fəlsəfi anlamını söz və musiqinin harmoniyasında bədii təfəkkürün gücü ilə öz dünyalarına qovuşdurdu.
Musiqili ədəbi-bədii tədbirdə tarzən Şahin Verdiyev, kamançaçı Azər Hacıbalayev, qarmon ifaçısı Ağami Ağayev və nağara ifaçısı Məşədi Mehmanın təqdimatında "Çahargah" rəngi səsləndirildi. Gənc xanəndələrdən Sevda Bəxtiyarova, Ruslan Zülfüqarov, İlahə Hüseynova və Rəna Qafarova tamaşaçılar qarşısında "Bayatı-Şiraz", "Mirzə Hüseyn", "Şahnaz", "Qatar" muğamlarını, xalq mahnılarını və Azərbaycan bəstəkarlarının mahnılarını ifa etdilər.
Muğamlar sona yetdikdən sonra Ş.Verdiyev ifa olunan muğamların hissə və guşələrini, onun adlarını və fəlsəfi mənasını tamaşaçılara anlatdı.
Bibiheybət qəsəbə Mədəniyyət evi kollektivinin təşkil etdiyi musiqili konsert proqramı iştirakçılarda gözəl əhval-ruhuyyə və şən ovqat yaratdı.
Maraqlı repertuar əsasında tərtib olunan konsert proqramının sonunda Səbail rayon icra hakimiyyətinin Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Qara Qarakişiyev Mədəniyyət evinin yaradıcı kollektivinə, musiqiçilərə, ifaçılara, iştirakçı qonaqlara, xüsusilə, muğamlarımıza ayırılan diqqət və qayğıya görə xanım Mehriban Əliyevaya dərin təşəkkürünü bildirdi və muğamın inkişafı istiqamətində yaradıcı şəxslərə uğurlar arzuladı.
Beləliklə də, Bibiheybət qəsəbə Mədəniyyət evində Azərbaycan muğamlarına həsr olunmuş "Muğamat var olan yerdə" adlı musiqili konsert proqramı sona yetdi.

Digər xəbərlər