Avropa Komissiyasının yeni layihənin təqdimat mərasimi keçirilib
Muzey Mərkəzində Avropa Komissiyasının "İnsanlara sərmayə: yerli mədəniyyətə doğru, mədəni müxtəlifliyin qorunması və təbliğatı" proqramı çərçivəsində "Sıxıntı, toz və köhnəlikdən uzaq, muzeylərarası dialoq üçün ömürboyu təhsil məkanı kimi (A-Muse-All)" yeni layihəsinin təqdimatı keçirildi.
Layihənin icrasında Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu və icrası nəzərdə tutulmuş ölkələrdə səkkiz tərəfdaş qurum, o cümlədən, Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyi və Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi tərəfindən həyata keçiriləcək.
Qeyd edim ki, otuz ay müddətini əhatə edən regional layihə Qafqaz ölkələri və Rusiya Federasiyasında həyata keçiriləcək.
Təqdimat mərasimini açan Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyevə iştirakçıları salamladı, layihənin əsas məqsəd və vəzifələri barədə qısa məlumat verdi.
Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alan Vaddams, "dvv international"ın rəsmi nümayəndəsi Matthias Klingenberg çıxış edərək layihənin əsas məqsədinin mövcud muzeyləri "Ömür boyu təhsil"in fəal məkanlarına çevirmək, Qafqaz və Rusiyada mədəni və təhsil institutları heyətlərinin bacarıqlarının artırılmasına dəstək vermək, muzeylərin peşəkarlıq və mədəniyyətlərarası imkanlarını yüksəltmək və muzeyləri sosial öyrənmə və həmrəylikdə fəal iştirakını, həmçinin, adları çəkilən ölkələrin və Avropa Birliyinin muzeyləri arasında əlaqələri gücləndirmək və inkişaf etdirmək olduğunu diqqətə çatdırdı.
Azərbaycan ilə Avropa Birliyi arasında əlaqələrin təkcə siyasi sahədə deyil, eyni zamanda, mədəni sahədə də inkişaf etdiyini bildirən qonaqlar bugünkü tədbirin keçirilməsinin buna əyani sübut olduğunu vurğuladı. Sonra layihə slaydlarla nümayiş etdirildi və iştirakçılar tərəfindən maraqla qarşılandı.
Sonda Qafqaz ölkələri və Rusiya muzeylərinin Almaniyada fotosərgilərinin keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırıldı. Almaniyanın ölkəmizdəki səfiri Per Kristofer Stançina tədbirdə iştirak edirdi.