Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd Tarix Muzeyində olub
Ölkəmizdə rəsmi səfərdə olan Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd və xanımı Əsma əl-Əsəd AMEA Milli Azərbaycan Tarixi Muzeyində olmuşlar.
Muzeyin direktoru akademik Nailə Vəlixanlı Suriya Prezidentinə muzeyin tarixi haqqında ətraflı məlumat vermiş və bildirmişdir ki, Bakının ən gözəl memarlıq abidələrindən olan, 1895-1897-ci illərdə tikilmiş bina azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin mülkiyyəti olmuşdur. 1920-ci ildə binada muzey yaradılmış və burada Azərbaycan tarixinin qədim dövrlərdən başlayaraq müxtəlif mərhələlərini əhatə edən qiymətli eksponatlar toplanmışdır. O, qeyd etmişdir ki, Atropaten, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətlərinin mövcud olduğu dövrlərə aid eksponatlar Azərbaycanın dövlətçilik tarixinin qədimliyinə dəlalət edir.
Atropaten hökmdarı ilə Makedoniyalı İsgəndərin görüşü haqqında məlumat, qədim Azərbaycan əhalisinin məişəti və həyat tərzi barədə eksponatlar Suriya Prezidentinin xüsusi marağına səbəb olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə muzey binasının əsaslı təmir edildiyini söyləyən akademik bildirmişdir ki, 130 nəfərdən çox əməkdaşı olan muzey, həm də Milli Elmlər Akademiyasının strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir.
300 mindən çox eksponat saxlanılan muzeydə Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və tarixi sənədlər, habelə, ona məxsus qiymətli əşyalar da toplanmışdır.
Hacı Zeynalabdin Tağıyevin xatirə salonunun eksponatları Suriya dövlətinin başçısının xüsusi marağına səbəb olmuşdur.
Muzeylə tanış olandan sonra prezident Bəşşar əl-Əsəd Muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.