Cənubi Azərbaycan mətbuatı tarixi
Filologiya elmləri namizədi, dosent Pərvanə Məmmədlinin çoxillik elmi axtarışlarının bəhrəsi olan "Cənubi Azərbaycan mətbuatı tarixi" kitabının təqdimat mərasimi olmuşdur.
Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirmişdir ki, bu kitabda XIX əsrin birinci yarısından müasir dövrümüzədək İranda və onun hüdudlarından kənarda yaşayan azərbaycanlı ziyalıların ədəbi-ictimai fəaliyyətlərindən, onların nəşr etdirdikləri çeşidli mətbu orqanlarından geniş bəhs olunur. Girişdən, 8 bölümdən ibarət qiymətli məxəzdə Azərbaycanın ictimai-siyasi və bədii fikir tarixində əhəmiyyəti olan bir sıra yeni faktlara, sənədlərə rast gəlinmək mümkündür.
"Varlıq" jurnalının təsisçisi və baş redaktoru, doktor Cavad Heyət, tarix elmləri namizədi Nəsiman Yaqublu və digərləri kitabın əhəmiyyətindən danışmış, onu yüksək qiymətləndirmişlər. Vurğulanmışdır ki, kitabın yazılmasında məqsəd Cənubi Azərbaycanda mətbuat tarixi haqqında sistemli məlumat yaratmaqdır.
Pərvanə Məmmədli tədbirin təşkilatçılarına təşəkkür etmiş, ünvanına deyilmiş xoş sözlərə görə minnətdarlığını bildirmişdir.