Dünya ölkələrində Azərbaycan Mədəniyyət Günləri
Azərbaycan milli mənəvi dəyərlərinin əsasında dayanan və milli keyfiyyətləri əsrlər boyu əxz edib, onu dünya miqyasında tanıdan mədəniyyət və incəsənətimiz xalqın tərcümeyi-halıdır. Xalqın təfəkkürünün məhsulu olan mədəniyyət və incəsənət nümunələrinin əsasında insanların idrakı, adət və ənənəsi, milli düşüncə tərzi dayanır ki, bu, Azərbaycan xalqının ümumilikdə dünyagörüşünü, onun cəmiyyət və həyatla bağlı görüşlərini ifadə edir. Müasir dövrümüzdə Azərbaycan mədəniyyət və incəsənət nümunələri dünyanın bir sıra ölkələrində təbliğ olunur və birmənalı olaraq dini, irqi mənsubiyyətindən asılı olmayaraq dinləyicilər tərəfindən maraqla qarşılanır.
Bildiyimiz kimi, son günlər dünyanın bir sıra ölkələrində Almaniyada, Gürcüstanda və digər dünya dövlətlərində Azərbaycan mədəniyyət günləri təşkil olunur və milli musiqimizin ən mükəmməl nümunələri musiqisevərlərə təqdim olunur. Bir-birinin ardınca təşkil edilən mədəniyyət günləri Azərbaycanla dünya dövlətləri arasında yaranmış əməkdaşlıq əsasında baş tutur. Dövlətlərarası sənədlərin imzalanması və onlar arasındakı qarşılıqlı mədəni, iqtisadi, siyasi münasibələrin formalaşması nəticəsində bu gün Azərbaycan dünyaya inteqrasiya olunaraq inkişaf mərhələsini yaşamaqdadır.
Bu günlərdə Gürcüstanda Azərbaycan Mədəniyyəti Günlərinin təşkili və qonşu ölkəyə səfər etmiş nümayəndə heyətinin maraqlı repertuar əsasında çıxışı gürcü tamaşaçıları və orada yaşayan soydaşlarımız tərəfindən böyük əks-sədaya səbəb olmuşdur. Tbilisidəki "Tbilisi Kortiat" mehmanxanasında Gelati Elmlər Akademiyasının akademiki, professor Rövşən Mustafayevin "Mirzə Şəfi nəğmələri" kitabının təqdimat mərasiminin təşkili xalqlar arasındakı mədəni əlaqələrin genişlənməsinə müsbət təsirini göstərməkdədir. Azərbaycan və gürcü xalqlarının mədəniyyətlərinin yaxınlaşmasında mühüm rol oynamış Mirzə Şəfi Vazehin yaradıcılığını təsvir edən bu kitab, Azərbaycan Mədəniyyət Günlərinin ən yaddaqalan hadisəsinə çevrildi. Mirzə Şəfi ilə gürcü şairi Nikolaz Barataşvilinin taleləri arasındakı oxşarlıq iki xalqın daha da yaxınlaşmasına, mədəniyyət və incəsənətinin mənimsəməsinə təsir etmişdir. Bu kitab Azərbaycan və gürcü xalqları mədəniyyətlərinin inkişafı tarixində orijinal fakt olaraq qiymətləndirilir. Gürcüstanda Azərbaycan mədəniyyət günlərinin dost gürcü xalqının Azərbaycan ədəbiyyatı, incəsənəti və musiqisi ilə yaxından tanışlığında mühüm rol oynamışdır. Belə ki, Gürcüstanda Azərbaycan mədəniyyəti günləri çərçivəsində Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında Bakıdan gəlmiş incənəsət ustalarının iştirakı ilə təşkil olunan konsert, milli musiqi nümunələrimizin təbliğinə yönəmişdir. Belə tədbirlər, görüşlər dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Hər iki xalqın nümayəndə heyəti Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyini ziyarət edərək, xalqımızın ziyalı oğlunun fəaliyyəti ilə tanış olmuşdular. Azərbaycan mədəni və ictimai həyatında rol oynayan Axundovun yaradıcılıq irsi haqqında geniş məlumata malik olan iştirakçılar ziyalılar üçün bir örnək ola biləcək ədibə öz məhəbbətlərini bildirmişlər.
Tbilisidə yerləşən "Karvansara" şəkil qalereyasında müasir Azərbaycan incəsənəti sərgisinin açılış mərasimi də milli sənət nümunələrimizin təbliğinə yönəlmişdir. Azərbaycan incəsənət ustaları Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi Rustavi şəhərində, Bolnisi rayonunda geniş konsert proqramı ilə çıxış edərək soydaşlarımıza sevinc bəxş edə bilmişlər. Tbilisidəki K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrında Gürcüstanda Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi Z.Zeynalovun "Maska" tamaşasını tamaşaçılara təqdim etmişdir. Gürcüstanda Mədəniyyət Günləri yaddaqalan hadisə olaraq Azərbaycan mədəniyyət tarixinə yazıldı. Müxtəlif janrlarda səsləndirilən Azərbaycan musiqisi - muğam, xalq mahnıları, caz, estrada və s. musiqi əsərləri xalqın milli dəyrərinin geniş bir təbəqəyə təqdim olunmasında bilavasitə təsirini göstərdi.
Dövlətin yeritdiyi mədəniyyət siyasətinin əsasında dayanan məqsədlərdən biri olaraq Azərbaycan milli musiqisini inkişaf etdirib, onu dünyada yüksək səviyyədə tanıtmaq prinsipindən irəli gələn bu tədbirlərin keçirilməsi mədəniyyət və incəsənət sahəsində çalışan sənətsevərlər üzərində böyük məsuliyyət qoyur. Dünyanı tərcüməyə ehtiyacı olmadan mükəmməl əsərlərlə dolaşaraq, Azərbaycan musiqisini düzgün bir şəkildə təqdim edilməsində onların rolu danılmazdır. Mədəniyyət Günləri çərçivəsində bir çox ansambl və orkestrlərin, eləcə də, solistlərin xarici dövlətlərə səfəri bu günlərin daha maraqlı keçməsinə səbəb olmuşdur.
Azərbaycan mədəniyyət tarixində son zamanlar bir hadisəyə çevrilən Mədəniyyət Günləri, demək olar ki, sənət aləmində ən uğurlu addımlardır. Silsilə olaraq təşkil olunan tədbirlərin sorağı Azərbaycan mədəniyyətinin möhtəşəmliyini bir daha təsdiq edir. Bu möhtəşəm hadisələrin davamı kimi Rusiyada keçirilən Azərbaycan Mədəniyyət Günləri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair 2009-2010-cu illər üzrə Proqramına uyğun olaraq həyata keçirilib.
Bildiyimiz kimi, Moskva şəhərində Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi keçirildi. Həmin gün Azərbaycan mədəniyyət və incəsənət nümayəndələri böyük ustalıq göstərərək çoxsaylı dinləyicilər qarşısında maraqlı repertuarla çıxış etdilər. Bu onu göstərir ki, Azərbaycan mədəniyyəti dünyanın hər bir ölkəsində qəbul olunur və öz əzəməti ilə dünya musiqisindən fərqlənir. Kazanda isə Mədəniyyət Günlərinin açılışı iyulun 3-nə təsadüf edəcək və Kazan şəhərlərində Azərbaycan Mədəniyyəti Günlərinə start veriləcək. Moskva şəhərində isə dünən Mədəniyyət Günlərinin bağlanış mərasimi oldu. Üç gün Moskva şəhərində keçirilən Mədəniyyət Günlərində Azərbaycan musiqisi, rəssamlıq sənəti maraqla qarşılandı. Kazanda da Mədəniyyət Günlərinin üç gün keçirilməsi nəzərdə tutulur. Səfərdə olan 80 nəfərlik nümayəndə heyətinə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev başçılıq edir. Mədəniyyət Günlərinin proqramına Tahir Məmmədovun, Fərid Hayrulinin fotosərgiləri, Uşaq Gənclər Simfonik Orkestrinin və Bakı Xoreoqrafiya məktəbinin kiçik rəqs qrupunun konsertləri daxildir. Budəfəki səfərdə həm də Azərbaycanın gənc solistləri iştirak edirlər. Bu gənclərin bir çoxu Prezident mükafatçılarıdırlar.
Azərbaycan Mədəniyyət Günləri davam edir. Müxtəlif ölkə və şəhərlərdə keçirilən mədəniyyət günlərinin qısa bir zaman məsafəsində həyata keçirilməsinə baxmayaraq, düzgün və proqramlı tərtib olunan günlər milli mədəniyyətimiz haqqında dünya xalqlarına çox məqamlardan xəbər verir. Musiqimizin zənginliyindən, orijinallığından, təkrarsızlığından. Azərbaycan mədəniyyətinin hüdudları sonsuz və görünməzdir. Dünya mədəniyyətinə öz təsirini göstərən Azərbaycan mədəniyyətini səciyyələndirən xüsusiyyətlərin tədqiqi maraq doğurduğundan, müasir zamanda onun tədqiqinə elmi fəaliyyətini həsr edən tədqiqatçıların sayı kifayət qədərdir. Azərbaycan Mədniyyət Günlərinin keçirilməsi tarixin bir zamanına çevrilərək mədəniyyət salnaməmizədə öz yerini tutur. Belə günlər Azərbaycan mədəniyyətini bir daha tanıdır və dünyada sözünü deməyə qadirdir.