Moskva və Kazanda Azərbaycan Mədəniyyət Günləri
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair 2009-2010-cu illər üzrə Proqramına uyğun olaraq Moskva və Kazan şəhərlərində Azərbaycan Mədəniyyəti Günlərinə start verilib. Mədəniyyət Günlərinin 2 iyul tarixlərinədək Moskva şəhərində, 2-5 iyulda isə Kazanda keçirilməsi nəzərdə tutulur. 80 nəfərlik nümayəndə heyətinə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev başçılıq edir.
Nazirliyin mətbuat xidmətinin məlumatına istinadən, Mədəniyyət Günlərinin proqramına Moskvada Tahir Məmmədovun, Kazanda Fərid Hayrulinin fotosərgiləri, Uşaq-Gənclər Simfonik Orkestrinin və Bakı Xoreoqrafiya Məktəbinin kiçik rəqs qrupunun konsertləri daxildir. Budəfəki səfərdə həm də Azərbaycanın gənc solistləri - Elməddin İbrahimov, Mədinə Şahgəldiyeva, Ceyla və Anar Seyidovlar, Nəzrin Mahmudova, İsmayıl Yunusov, Nicat Məmmədov və Mustafa Aşurov iştirak edəcəklər. Bu gənclərin bir çoxu Prezident mükafatçılarıdırlar. Uşaq-Gənclər Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru xalq artisti Teymur Göyçayevdir. Rəqslərə xalq artisti Yusif Qasımov quruluş verib. İyunun 1-də isə Ulduz şəhərciyində daha bir konsertin verilməsi planlaşdırılır. Kazanda Mədəniyyət Günlərinin açılışı iyulun 3-nə təsadüf edəcək.