Tədqiqatçı ziyalının 70 illik yubileyi keçirildi
Dünən Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda Hacı Tofiq Seyidovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Hacı Tofiq Seyidovun 70 illik yubiley tədbirinə onun yaxınları, sənəti ilə təmasda olan ziyalılar, vaxtilə dərs dediyi yetirmələri, dostları, qələm sahibləri toplaşmışdılar.
Tədbiri giriş sözü ilə "Zirvə" Ziyalılar Təşkilatının sədri Minayə Dəyanətqızı açaraq, Hacı Tofiq Seyidovun yaradıcılıq yolundan, onun elmi, pedaqoji fəaliyyətindən danışdı. O, qeyd etdi ki, Hacı Tofiq Seyidovun fəaliyyət dairəsi məktəblə sıx bağlı olmuş, o, müəllim, məktəb direktoru vəzifəsində çalışaraq, cəmiyyətə layiqli gənclər nəslinin yetişməsində öz izini sala bilmişdir. Belə ki, yubilyarın yetirmələrinin səsi-sorağı Azərbaycandan kənarda eşidilir. Minayə xanım iştirakçıların nəzərinə çatdırdı ki, Hacı Tofiq Seyidov bu illər ərizində həm publisist, həm tədqiqatçı, həm də bir sıra məqalə və əsərlərin müəllifi kimi tanınmışdır.
Hələ sovet məkanında yaşadığımız zaman, onun Rusiyanın bir çox şəhərlərinin dövrü mətbuatında məqalələri dərc edilmişdir. Onun bu günə qədər 32 kitabı, 5 elmi məqaləsi, 1500 publisist məqaləsi dərc olunaraq oxucuların ixtiyarına verilmişdir. O, Tanrının ona verdiyi ömür payında cəfakeş bir ziyalı olaraq axtarışlarda olmuşdur. Bir vətəndaş ziyalı olaraq xeyrixahlıq göstərib, bacardığı qədər ehtiyacı olanlara əl tutmuş, onlara mənəvi dayaq olmuşdur. Hacı Tofiq Seyidov bir ziyalı kimi həyat amalı ilə cəmiyyətin tələbini bir araya gətirib, həyat tərzinin bu formada qura bildiyi üçün özünü xoşbəxt insan hesab edir.
Tədbirdə çıxış üçün söz Bakı Slavyan Universitetinin pedaqogika kafedrasının müdiri Nazim Mirzəyevə verildi. 50 ilə yaxın olan bir zaman məsafəsində dostluq münasibətlərini qoruyub saxlayan və bu illər ərizində bir-birini daha yaxıdan tanıyan ziyalı kimi, Hacı Tofiq Seyidovun şəxsi və sənət keyfiyyətlərinə nəzər saldı. Hacı Tofiq Seyidovun bu illər ərizinə gördüyü işlərə aydınlıq gətirib, onun dəyər və məqsədini qeyd etdi. Hacı Tofiq Seyidovun 70 illik ömür yolu heç də axtarışsız, əzab-əziyyətsiz keçməmişdir. Sədərək rayonunda dünyaya göz açan ziyalı bu torpağın övladı olaraq, onun mədəniyyətini, tarixini, etnoqrafiyasını tədqiq etmişdir. Nazim Mirzəyev çıxışının sonunda yubilyara "Ana dilimiz, əlifbamız və tariximiz " kitabını hədiyyə etdi.
Tədbirdə sənətşünas Məhəmməd Məmmədov, şair Kəmaləddin Qədimli, Yazıçılar Birliyinin üzvü, şair Oqtay Rza, filologiya elmləri doktoru Himalay Qasımov və başqaları çıxış edərək, Hacı Tofiq Seyidovun keçdiyi ömür yolundan danışdılar. Qeyd olundu ki, o, Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini bitirib, Sədərək kənd orta məktəbində rus dili və ədəbiyyat müəllimi kimi çalışmışdır. Uzun illər pedaqoji fəaliyyət göstərən Hacı Tofiq Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsinə disertant kimi qəbul edilib. O, "Sədərəyin iqtisadi, siyasi və mədəni həyatı V-XX əsr" mövzusu üzərində elmi işini artıq başa vurub.
Hacı Tofiq Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. 2006-cı ildə işıq üzü görən "XX əsr Azərbaycan Yazıçıları" və 2009-cu ildə nəşr olunan "XX-XXI əsr Azərbaycan yaradıcı ziyalıları" ensiklopediyalarında haqqında yazılar dərc edilib.
Uzun illərin gərgin əməyi nəticəsində "Sədərəkdən gələn səslər", "Sədərəyin alimləri və şam ömrü", "408 Sədərəyin döyüşçüsü", "Qədim təhsil ocağı", "Şəhidlər Sədərək məktəbinin məzunlarıdır", "Alimlər dünyanın çırağı və dünyanın nurudur", "Sədərək dünya corafiyaşünaslarının, səyyahlarının, diplomatlarının və alimlərinin gözü ilə", "Onun sənəti ölməzdir" və onlarla belə kitabları ərsəyə gəlmişdir.
Tədbirin sonunda Hacı Tofiq Seyidov çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirdi.