Həyat hadisələrinin hərəkət və jestlərlə, şeirin dili ilə ifadəsi müşahidələrin obrazlaşdırılmış bir nümunəsidir. Bu ifadələrdə müxtəlif yollar vasitəsilə dərk olunan məqamlar fəlsəfi mahiyyəti açaraq, fərdlə icra olunan hərəkət arasında böyük bir həqiqətin dayandığını görür.
Sözsüz ki, sənət adamları qeyd olunan, bu və ya digər məqamlarla yanaşı, müxtəlif üsullarla da həyatın cizgilərini ətrafa çatdırmaqda güclüdürlər. Rəqqas plastik hərəkətləri ilə böyük bir əsərin ideyasını, aktyor oynadığı obrazın psixoloji məqamlarını ustalıqla roldan-rola girib dəyişərək təqdim etməsi ilə, rəssam isə rənglərin min bir çalarından süzülən ifadələrin köməyi ilə, musiqiçi isə notlardan eşidilən müxtəlif səslərin köməyi ilə sənətlə dinləyici, tamaşaçı arasında mənəvi körpü yaradırlar. Bu gün fırçanın dili ilə sözün və fikrin bədiiləşdirilmiş obrazını yaradan bir sənətkarın - respublikanın xalq rəssamı Qaryağdı Cəlalın doğum günüdür. Azərbaycan rəssamlıq sənətində sözlə deməyi bacaran və rənglərin içərisində öz sənət və həyat rəngini tapan Qaryağdı Cəlal zamanla sənət nümunələri arasında, qeyd etdiyimiz kimi, mənəvi körpü yaratmışdır. Bu körpünün üzərində dayanan əsərlərin hər birində Qaryağdı Cəlalın mükəmməl sənət nümunələri əks olunur. Qaryağdı Cəlal sənətin orijinal üslubunu dəsti-xəttində yaşatmış, neçə-neçə qalereyasını zənginləşdirən əsərləri ilə Azərbaycan sənətsevərlərini, eləcə də, dünya miqyasındakı rəssamlığa qiymət verən insanların ruhunu qidalandırmış, onlara rahatlıq, sakitlik gətirmişdir.
Qeyd edim ki, Qaryağdı Cəlal 1928-1932-ci illərdə Azərbaycan Rəssamlıq Texnikumunda təhsil almış, rəssamlıq məktəbinin sirlərinə bu təhsil ocağında yiyələnməyə müvəffəq olmuşdur. Cəlal Qaryağdıoğlu rəssamlıq sənətinə bağlı olduğundan 1932-1935-ci illərdə Tbilisi Rəssamlıq Akademiyasına daxil olaraq rəssamlığın akademik səviyyədə öyrənilməsinə çalışmışdır. O, rəssam, heykəltəraş kimi müxtəlif janrlarda monumental heykəl, portret, büst, barelyef və s. əsərlər yaratmışdır. Belə bir yaradıcılığı ilə seçilən rəssam Azərbaycanda keçirilən sərgilərdə sənət nümunələrini təqdim etmiş və uğurlar qazanmışdır. Çox keçmir ki, onu keçmiş ittifaq səviyyəsində təşkil olunan sərgilərdə iştirak etməyə dəvət edirlər. Bu sərgilərdə də Cəlal Qaryağdıoğlu sənət nümunələrini uğurla təqdim edir. Onun yaratdığı Samux-Dəvəçi kanalının kənarında qoyulmuş kolxozçu fiquru Nizami Muzeyinin fasadının leciyasında Molla Pənah Vaqifin heykəli və digər əsərləri ilk yaradıcılıq yolunda yaranan nümunələrdir.
Gənc rəssamın yaradıcılığının əsas qolu Böyük Vətən müharibəsi illərinə təsadüf edir. Bu illərdə Cəlal Qaryağdıoğlu insanların bədii obrazını, onların hünər və rəşadətini əks etdirərək, qəhrəmanlıq nümunəsindən çıxış edən şəxslərin portretini yaradır.
Cəlal Qaryağdıoğlu yaradıcılığı zamanın müxtəlif illərini özündə yaşadır. Bu mənada ki, onun inqilabçı Bünyad Sərdarovun büstü, Nizaminin "Xosrov və Şirin" poemasının motivləri əsasında hazırlanmış "Fərhad Bisütun dağını yararkən" barelyefi, Xurşudbanu Nətavanın büst və portretləri monumental heykəltaraşlıqda Cəlal Qaryağdıoğlunun yaradıcılığının təkrarolunmaz olduğunu təsdiqləyən əsəs amildir. Nəriman Nərimanovun, Mirzə Ələkbər Sabirin heykəlləri, Qara Qarayevin, Fikrət Əmirovun büstləri, Səməd Vurğunun qəbirüstü abidəsi və digər əsərlər onun müxtəlif janrlarda olan əsərlərinin müəyyən hissəsidir. Rəssamın "Tarçalan", "Kamançaçı", "Xanəndə" fiqurlarında obrazların yığcamlığı və milli kolarit özünü göstərir. Göründüyü kimi, Cəlal Qaryağdıoğlu, bu və ya digər əsərlərin hər birində sənətkarlıq nümayiş etdirmiş, hər bir sənət nümunəsində bədii təfəkküründən yaranan incə ştrixləri rənglərin və fırçanın köməyi ilə kətan üzərində əks etdirərək, böyük bir sənətkar kimi tanınmışdır. Onun həm heykəltəraşlıq, həm də rəssamlığın müxtəlif janrındakı əsərləri böyük sənətkarlar tərəfindən yüksək qiymətləndirilmiş, yaradıcılığı dövlət qayğısından kənarda qalmamışdır. Belə ki, rəssama fəxri adlar, mükafatlar verilmişdir. Bu gün böyük rəssamın doğum günüdür. Belə insanları yad etmək və zamandan-zamana ötürülən sənət əsərlərini qiyabi də olsa nəzərdən keçirmək, hər birimizə mənəvi zənginlik gətirir.