Oqtay Zülfüqarovun 80 illik yubileyi qeyd olundu
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq atristi Oqtay Zülfüqarovun 80 illik yubileyinə həsr olunmuş konsert proqamı təşkil olundu.
Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında bəstəkarın əsərləri səsləndirildi. Orkestrin bədii rəhbəri və dirijoru respublikanən xalq artisti Rauf Abdullayevdir. Konsert proqramında sənətkarın yaradıcılığına daxil olan klassik əsərləri ifa olundu. Ömrünün 60 ilə yaxın bir zamanını yaradıcılığa həsr edən və irili- xırdalı əsərləri ilə Azərbaycan musiqi dünyasını zənginləşdirən Oqtay Zülfüqarov bütün janrlarda yazdığı əsərlərində ənənələrə sadiq qalaraq, bu və ya digər əsərləri ilə bəstəkarlıq məktəbinə yeni nəfəs əlavə etmişdir. Onun əsərləri dünyanın bir çox ölkələrində səsləndirilmiş, bəstəkara uğur gətirmişdir. Simfonik əsərləri, konsertləri, mahnıları, uşaqlar üçün yazdığı musiqi nömrələri sənətkarın yaradıcılığının şaxəliyini göstərir. Oqtay Zülfüqarovu Azərbaycan bəstəkarlıq məktəbində uşaq musiqisinin gözəl bəstəkarı olaraq təqdim edirlər. Onun uşaq musiqisi azyaşlıların, həqiqətən də, dilinin tərcüməsi kimi maraq doğurur. Bəstəkarın "Şirin bala", "Dəcəllər", "Əlifba" kimi əsərləri milli musiqimizdə özünəməxsus yer qazanıb.
Oqtay Zülfüqarov sənəti bu gün öz müasiriliyi baxımından səciyyələnən sənət nümunəsidir. Elə 80 illik yubileyinə həsr olunan konsert proqramında səslənən musiqi əsərləri, dinləyicilərin maraq və diqqəti bunu deməyə imkan verir.