PDF Oxu

Mədəniyyət

  • 5

27 İyun Milli Kulinariya Günü kimi qeyd olunacaq

27 İyun Milli Kulinariya Günü kimi qeyd olunacaq
Azərbaycan mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. "Azərbaycan mətbəxi" - təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir. Azərbaycan mətbəxi - mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də, Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir. 27 İyun tarixi Milli Kulinariya Günü kimi qeyd olunur.
Xalqımızın zəngin mətbəx mədəniyyətini nümayiş etdirmək və bölgənin turizm potensialını genişləndirmək məqsədilə Şəkidə keçiriləcək bayram tədbirlərinə, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, Milli Məclisin deputatları, elm, incəsənət, mədəniyyət xadimləri də daxil olmaqla, 200-dək qonaq dəvət olunmuşdur.
Artıq bayramın xüsusi emblemi, atributları, proqramı, geyimləri hazırlanmışdır. Tədbirlər şəhərin ən gözəl və tarixi yerlərində keçiriləcəkdir.
Açılış mərasimi şəhərin Heydər Əliyev parkında keçiriləcək. Sonra nadir tarixi memarlıq abidəsi olan Şəki Xan Sarayında, Alban məbədi önündə davam etdiriləcək, Yuxarı Karvansarada başa çatacaqdır.
Burada Şəki mətbəxinə xas olan 20-dən çox şərbətlər və sərinləşdirici içkilər, müxtəlif şirniyyatlar, qənnadı məmulatları, soyuq qəlyanaltılar, salatlar və s. nümayiş etdiriləcəkdir.
Azərbaycan milli mətbəxinin özünəməxsus dəyərlərini əks etdirən bayram tədbirində tarixi mənbələrə istinad olunub, onun tarixi ilə bağlı məlumatlar iştirakçıların nəzərinə çatdırılacaq.
Qeyd edək ki, Azərbaycan mətbəxi Azərbaycan xalqının dühası ilə onun tarixən yaşadığı indiki Azərbaycan Respublikası, Güney (İran) Azərbaycanı, qədim İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarının torpaqlarında, Gürcüstanda azərbaycanlıların qədimdən bəri yaşadıqları bölgələrdə (Borçalı), Dağıstan ərazisində, o cümlədən, keçmiş Azərbaycan xanlıqlarından birinin mərkəzi olmuş Dərbənd və ətrafında yaradılmışdır.
Təbii ki, mətbəxin yaradılmasına və inkişafına təsir göstərən ən mühüm amil - iqlimdir. Bununla bağlı olaraq, qeyd etmək kifayətdir ki, Azərbaycan Respublikasının ərazisindən 8 iqlim zonası keçir ki, bu da öz növbəsində, bu regionun flora və faunasının növ müxtəlifliyini və zənginliyini şərtləndirir, bütün heyvanların və bitkilərin yaşayışları və inkişafları üçün əlverişli şərait yaradır. Bunlar isə, zəngin mətbəx yaradılması üçün əsas bazadır.
Zaqafqaziyada zəngin mətbəx yaratmaq və inkişaf etdirmək imkanına, mətbəx üçün güclü xammal bazasına malik əsas xalq azərbaycanlılar olmuşlar. Erməni, gürcü, fars və digər xalqların mətbəxlərində xörəklərin böyük əksəriyyətinin mənşəyinin ad etibarilə Azərbaycan türklərinə bağlılığı məhz bu faktla izah edilir.
Mətbəxə təsir göstərən növbəti mühüm amil xalqın tarixi-coğrafi yerləşmə məkanı, qonşu xalqlarla qarşılıqlı bağlılığıdır.
Qədim ticarət karvanlarının və hərbi yolların Azərbaycan ərazisindən keçməsi mətbəximizə müəyyən təsir göstərmişdir. Ümumtürk etnosuna mənsubluq eyniadlı, eyni kökə malik xörəklərin olmasına gətirib çıxarsa da, Azərbaycan mətbəxini ümumtürk mətbəxinin tacı saymaq olar. Zövq yaxınlığı baxımından Azərbaycan mətbəxi Anadolu mətbəxinə daha yaxındır.
Ərəblərlə uzunmüddəli əlaqələr bizim mətbəxə qəhvə bəxş etmiş, tarixi "İpək Yolu" uzaq Çindən bu yerlərə çayı gətirmişdir. Azərbaycanlıların milli mətbəxinə güclü təsir göstərən amillərdən biri xalqın dini və inanclarıdır. Zərdüştilik, atəşpərəstlik, Avesta fəlsəfəsi psixologiyada, adətlərdə, Azərbaycan xalqının təfəkküründə əksini tapmaqla yanaşı, mətbəxdə də öz əksini tapmışdır. Aşpazın birini köməkçisinə - ocağa hörmət, bizcə, buradan gəlir. İşığa, oda inamın təsiri altında formalaşmış süfrə adətləri və xörəklər bu gün də canlıdır.
Zəngin mətbəx mədəniyyətinə malik olan Azərbaycan bu gün dünyanın bir çox ölkələrində milli mətbəxini nümayiş etdirir. Bu mətbəx Azərbaycan tarixi, adət-ənənələrini özündə yaşadan bir mədəniyyətdir. Beynəlxalq səviyyədə keçirilən festival və yarışmalarda milli mətbəximiz layiqli yer qazanır, ləziz təamları ilə insanları valeh edir. Belə bir mətbəxə sahib olan Azərbaycan Milli Kulinariya Gününü yüksək səviyyədə qeyd edir.

Digər xəbərlər