PDF Oxu

Mədəniyyət

  • 8

Azərbaycan ilə Rusiya arasında əlaqələr intensiv tərzdə inkişaf edir

Azərbaycan ilə Rusiya arasında əlaqələr intensiv tərzdə inkişaf edir
Moskvada ölkəmizin Rusiyadakı səfiri, Azərbaycanın xalq artisti, bəstəkar, professor Polad Bülbüloğlunun "Məhəbbət və ölüm" baletinin iyunun 26-sı, 28-i və 29-da Yekaterinburq Akademik Opera və Balet Teatrında premyerası təşkil olunacaq.
Polad Bülbüloğlu bu baletin, bir bəstəkar kimi, Rusiyanın qədim akademik teatrında səhnəyə qoyulmasından şərəf duyur. Bu, rus mədəniyyəti və incəsənəti ənənələrini layiqincə davam etdirən teatrlardan biridir. "Məhəbbət və ölüm" baletinin süjeti 1300 ildən çox yaşı olan qədim Azərbaycan eposu "Kitabi-Dədə Qorqud"dan götürülüb. Azərbaycanda eposun yubileyi geniş qeyd olunmuş və bəstəkar "Kitabi-Dədə Qorqud"a həsr olunmuş böyük elmi ensiklopediyanın nəşrində iştirak etmişdir. Bəstəkar bu abidəni mütaliə etdikdən sonra onda əbədi mövzulara - xeyir və şər, məhəbbət və xəyanət, olum və ölüm mövzularına müraciət etmək, onları musiqi əsərində təcəssüm etdirmək ideyası yaranmışdı. Əsər təxminən üç ilə ərsəyə gəlmişdi. 2005-ci ildə balet Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli baletmeyster Vəkil Usmanov tərəfindən səhnələşdirilmişdir. Bir müddətdən sonra ona bu əsərə Yekaterinburq teatrında quruluş vermək təklif olunmuşdur. Bu təşəbbüsü tamaşanı Bakı teatrının səhnəsində görmüş baletmeyster Nadejda Malıgina irəli sürmüşdü.
Azərbaycan bəstəkarının baletinin Rusiyada səhnəyə qoyulması gözəl ənənənin davamıdır. Bir vaxtlar Qara Qarayev, Arif Məlikov, Fikrət Əmirovun əsərlərinə Rusiya səhnələrində müraciət olunmuşdu. Müstəqillik tarixində bu, ilk səhnə əsəridir və artıq beynəlxalq xarakter daşıyır.
Qeyd edək ki, son illər Azərbaycan ilə Rusiya arasında əlaqələr həm ən yüksək siyasi səviyyədə, həm də qarşılıqlı münasibətlərin bütün sahələrində intensiv inkişaf edir. İyunun 30-da Moskvada Azərbaycan Mədəniyyəti Günləri başlanacaq və bu xoş ənənə bundan sonra da davam etdiriləcək.
Baletin premyerası teatrın həyatında əlamətdar hadisədir. Əsər mövsümün beşinci premyerası olsa da, teatrın repertuarının bəzəyidir. İndiki şəraitdə müasir baletə quruluş verilməsinə az-az rast gəlinir, çünki çox az bəstəkar balet yazır və Rusiyanın hüdudlarından kənarda yaşayan müasir müəlliflərin əsərləri təsadüfi hallarda səhnələşdirilir.
Bu əsər Polad Bülbüloğlu yaradıcılığının zirvəsidir və bir bəstəkar kimi onun istedadını hərtərəfli nümayiş etdirir. Polad Bülbüloğlunun bütün əsərlərində milli ənənələr parlaq əksini tapmışdır və onun Azərbaycan məişətinin başlıca mənəvi dəyərlərini dünyəvi şəkildə təqdim edən qədim "Kitabi-Dədə Qorqud"a müraciət etməsi çox vacibdir.

Digər xəbərlər