Sumqayıt ölkənin mədəni həyatının diqqət mərkəzində olub
Sumqayıtda şəhərin 60 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsi davam etməkdədir. Ağsaqqallar Evində şəhər mədəniyyət və turizm idarəsinin təşəbbüsü ilə Sumqayıtın veteran mədəniyyət işçiləri ilə görüş keçirilib.
Tədbiri Tarix muzeyinin direktoru Olya İslamova açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıtın 60 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamını oxumuş və bildirib ki, bu sənəd şəhərin dinamik inkişaf edən respublikada yerinə və roluna verilən yüksək qiymətdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2003-cü ilin aprelində Sumqayıtdakı proqram xarakterli nitqindən sonra şəhərin mədəni həyatı daha sürətlə inkişaf etməyə başlayıb.
Şəhərin yaranma tarixi barədə qısa məlumat verən Olya İslamova qeyd edib ki, 1949-cu ildə Sumqayıta şəhər statusu verilməsi haqqında Fərman imzalanmış və Sumqayıt təkcə keçmiş SSRİ-də deyil, həm də onun hüdudlarından kənarda alüminiumu, sintetik kauçuku, boruları ilə məşhurlaşmışdır. Şəhərin sənayesi ilə yanaşı, infrastrukturu da sürətlə inkişaf etmişdir. Sumqayıtın xəritəsində bir-birinin ardınca mədəniyyət ocaqları - energetiklərin, inşaatçıların, metallurqların mədəniyyət evləri, Nəriman Nərimanov adına mədəniyyət evi və onun nəzdində fəaliyyət göstərən yay kinoteatrı, yeni kinosalonlar, şəhər bağında yay estrada meydançası, 1985-ci ildə isə kimyaçıların Üzeyir Hacıbəyli adına mədəniyyət sarayı açılmışdır.
Görüş zamanı o da vurğulanıb ki, bütün bu obyektlər təkcə mədəni-maarif müəssisələri funksiyasını yerinə yetirmir, həm də memarlıq abidələridir. Sumqayıtın ilk mədəniyyət ocağı 1 saylı İEM yanında hələ 1943-cü ildən fəaliyyət göstərən Qırmızı guşədir. O zaman məxsusi olaraq bu guşə üçün musiqi aləti - piano da alınmışdı. Qırmızı guşədə tez-tez konsertlər təşkil olunurdu.
Sumqayıt daim respublikanın mədəni həyatının diqqət mərkəzində olmuşdur. Ölkəmizin bütün tanınmış incəsənət xadimləri və məşhur yaradıcı kollektivləri Sumqayıtda olmuşlar. Bunun iki səbəbi var idi: şəhərin mədəniyyət müəssisələrinin vəziyyəti yüksək səviyyədə olmaqla yanaşı, Sumqayıt tamaşaçıları incəsənəti çox yüksək qiymətləndirirdilər.
Görüşdə çıxış edənlər şəhərin mədəniyyət işçilərinin böyük nailiyyətlərindən danışıb. Toplaşanların alqış sədaları altında bu sahənin veteranlarının adları, o cümlədən. inşaatçıların, energetiklərin mədəniyyət evlərində, metallurqların Cəfər Cabbarlı adına mədəniyyət evində çoxsaylı dram dərnəklərinə rəhbərlik etmiş Əbülfəz Həsənovun adı çəkilib. Ə.Həsənov mədəniyyət evi yanında yaradılmış ilk xalq teatrının rəhbəri olmuşdur. Teatrın kollektivi 1967-ci ildə Kremlin Qurultaylar sarayının səhnəsində "Fərhad və Şirin" tamaşasını nümayiş etdirmiş və Ümumittifaq müsabiqəsinin, habelə, bir çox digər müsabiqələrin laureatı olmuşdur. Sumqayıt mədəniyyət şöbəsinin ilk rəhbəri, şəhərin ilk əməkdar mədəniyyət işçisi Möhtərəm Məmmədovun, ötən əsrin 60-cı illərinin ortalarında 10 il mədəniyyət şöbəsinə rəhbərlik etmiş Tamara Rəsulovanın xatirəsi ehtiramla yad edilib. Həmin illər şəhərdə mədəniyyət sahəsində böyük uğurlar qazanılmış, yeni kitabxanalar, klublar, habelə, Tarix Muzeyi yaradılmışdır.
Görüşün sonunda veteranların iştirakı ilə konsert olmuşdur.