PDF Oxu

Mədəniyyət

  • 13

Əjdər İbrahimovun Muzey Mərkəzində xatirə gecəsi keçiriləcək

Əjdər İbrahimovun Muzey Mərkəzində xatirə gecəsi keçiriləcək
Bu il görkəmli Azərbaycan kinorejissoru SSRİ xalq artisti Əjdər İbrahimovun anadan olmasının 90 ili tamam olur.
Qeyd edim ki, Əjdər İbrahimov 1919-cu ildə Aşqabad şəhərində anadan olmuşdur. 1940-cı ildə Aşqabad Teatr Məktəbində təhsilini başa çatdırmışdır. İkinci Dünya müharibəsinin iştirakçısı olmuşdur. 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra, o, Aşqabad kinostudiyasında çalışmışdır. 1954-1959-ci illərdə Bakı kinostudiyasında işlədiyi müddətdə, o, "Onun böyük ürəyi", "Bir məhəlləli iki oğlan" filmlərinə quruluş vermişdir.
1959-1962-ci illərdə Vyetnamda ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edən sənətkar orada iki bədii film çəkmişdir. 1962-ci ildən Əjdər İbrahimov "Mosfilm" kinostudiyasında fəaliyyətə başlamışdır. Moskvanın kino mühitində böyük nüfuza malik olan Əjdər İbrahimov burada bir neçə film, o cümlədən, "Eşqim mənim, kədərim mənim" ilk türk-sovet bədii filmini yaratmışdır.
Əjdər İbrahimov Azərbaycanın xalq artisti və Dövlət Mükafatı laureatı olmuşdur.
Milli kino qarşısında böyük xidmətləri olan sənətkarın yubileyinə həsr olunmuş tədbirlər, onun həyat yoldaşı kinoşünas və dramaturq Marqarita Maleyevanın iştirakı ilə həyata keçiriləcəkdir. İyunun 30-da Fəxri Xiyabanda Əjdər İbrahimovun qəbri ziyarət olunacaq, Dövlət Film Fondunda sənətkarın şəxsi arxivindən materiallar hədiyyə ediləcək, iyulun 1-də isə Muzey Mərkəzində xatirə gecəsi təşkil olunacaqdır.

Digər xəbərlər