“Lütfiyar İmanov” kitabı çapdan çıxıb
Bu yaxınlarda Azərbaycan klassik musiqi sənətinin görkəmli nümaynədəsi olan Lütfiyar İmanova həsr olunmuş "Lütfiyar İmanov" kitabı çapdan çıxıb. Kitabın müəllifi tanınmış yazıçı-publisist Fazil Rəhmanzadədir. Yazıçı bu günə qədər respublikanın qüdrətli sənətkarlarının həyat və yaradıcılığından bəhs edən kitabları ilə tanınıb, geniş oxucu auditoriyası qazanıb. Onun bu silsilədən işıq üzü görmüş "Nəsibə Zeynalova", "Sənətkar qüdrəti", "Oxuyan... ürəkdir", "Nəğmə dolu könül", "Bədəlbəylilər" kitablarının sırasına daha bir nümunə - SSRİ xalq artisti, təkrarsız opera müğənnisi Lütfiyar İmanovun həyat və yaradıcılığından bəhs edən "Lütfiyar İmanov" kitabı da əlavə olunub. Kitab Lütfiyar İmanovun 80 illiyinə həsr edilib.
Yeni nəşrə "Səhnəmizin ulduzu" adlı ön sözü Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü, xalq artisti, rejissor Vasif Babayev yazmışdır. Kitabın elmi redaktoru sənətşünaslıq doktoru, professor, xalq artisti Ramiz Zöhrabov, redaktoru Fəridə Qurbanovadır. Bu kitab müğəninin sənət bioqrafiyasıdır. Belə ki, Lütfiyar İmanovun keçdiyi sənət yolu işıqlandırılaraq, onun sənət taleyinə yazılan məqamlar müəllifin qələmində özünəməxsus bir şəkildə təqdim olunur.
Qeyd edək Azərbaycan musiqi mədəniyyətində dəsti-xətti olan Lütfyar İmanov ilk rolunu 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində "5 manatlıq gəlin" tamaşasından başlayıb. 18 yaşında ilk dram dərnəyini yaradır. 1957-ci ildə A.Milovanovun sinfində musiqi təhsilini bitirir və Dövlət Estrada Orkestrində, daha sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə başlayır. 1959-cu ildə Moskvada tamaşaya qoyulan "Koroğlu" operasında baş rolu-Koroğlu oynayır. 1968-ci ildə İncəsənət Universitetini bitirir və bundan sonra 30-dan çox operada baş rolun ifaçısı olur. 1975-ci ildə altı ay İtaliyanın Milan şəhərində, La-Skala teatrında təcrübə keçir. 1991-1995-ci illərdə İstanbul və İzmir şəhərlərinin opera teatrlarında vokal dərsləri verir. 1995-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yubileyi münasibətilə Tehranda keçirilən festivalda, 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada "Milleniumun mahnısı" festivalında çıxış etmişdir. "Karmen", "Faust", "Otello", "Trubadur", "Aida", "Riqoletto" və s. klassik opera əsərlərində rollar oynayıb. Uzun illər Bakı Musiqi Akademiyasında müəllim-professor kimi çalışmışdır.
Vokal sənəti həvəskarları onunla ilk dəfə 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə, SSRİ Böyük Teatrının səhnəsində əfsanəvi qəhrəman Koroğlu obrazını yaradarkən tanış olublar.
Kitabda müəllif böyük sənətkarın yaratdığı obrazlara diqqət yetirir. Bu, F.Əmirovun "Sevil" operasında Balaş, C.Cahangirovun "Azad" operasında Ayaz, R.Mustafayevin eyniadlı operasında Vaqif, M.Maqomayevin "Nərgiz"ində Əlyar, V.Adıgözəlovun "Ölülər"ində İsgəndər, S.Ələsgərovun "Bahadır və Sona"sında Bahadır müğənninin yüksək peşəkarlıqla yaratdığı unudulmaz opera obrazlarıdır.
Müəllif göstərir ki, Lütfiyar İmanov dünya klassik operalarında da məharətlə çıxış etmiş, C.Bizenin "Karmen"ində Xoze, P.Çaykovskinin "Qaratoxmaq qadın"ında German, C.Verdinin "Aida"sında Radames, "Otello"sunda Otello, Ofenbaxın "Hofmanın nağılları"nda Hofman, Ş.Qunonun eyniadlı operasında Faust, "Toska"sında Kavaradossi obrazlarını yaradan Lütfiyar İmanov xarici mətbuatda geniş vokal imkanlarına və səhnə mədəniyyətinə malik sənətkar kimi yüksək qiymətləndirilib.
Sənətkarın fərdi yaradıcılıq üslubunu səciyyələndərən müəllif, onun xarakterik cəhətləri ilə oxucunu tanış edir. Lütfiyar İmanovun yaradıcılığına əla vokal keyfiyyətləri ilə yanaşı, mükəmməl professional hazırlıq, musiqili-dramatik obraza dərindən nüfuz etmək, vokal və aktyor sənətinin harmonik ahəngi xarakterikdir. Onun xarici ölkələrə qastrolları 1960-cı ildə Hindistana səfər ilə başlamışdır. Hətta həmin səfərdə o, hind mahnılarını Azərbaycan dilinə çevirib hər iki dildə ifa etmişdir. Lütfiyar İmanov Hindistan, Norveç, Bolqarıstan, Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə, Yaponiya, Livan, Küveyt, Suriya, İordaniya, Fransa, İtaliya, Belçika, Hollandiya, İspaniya, Malta, Macarıstan, Yunanıstan, Rumıniya və başqa ölkələrin məşhur konsert salonlarında uğurla çıxış edib.
Bütün bunlar Fazil Rəhmanzadənin kitabında sıravi tamaşaçıdan tutmuş görkəmli mədəniyyət xadimlərinin fikirlərində geniş şəkildə öz əksini tapmışdır.
Lütfiyar İmanovun xatirəsinə layiqli töhfə olan bu kitabda, Fazil Rəhmanzadə özünəməxsus təbii və bənzərsiz yazı üslubu, aydın publisistik dili kitabı müğənninin həyat salnaməsinə öz nəfəsi ilə məzmunlu və dəyərli ştrixlərini əlavə edib. Yeni nəşrdə müəllifin Lütfiyar İmanova ünvanladığı məktubu da maraq doğurur. Çünki həmin yazı faktlarla zəngin olduğu qədər də təsirlidir. Burada vokal ustadının yaradıcılığının bəzi məqamlarına aydınlıq gətirilir.
Kitabda Lütfiyar İmanovun oynadığı tamaşalardan, eləcə də, müxtəlif görüşlərdən çəkilmiş fotoşəkilləri də yer almışdır.
Lütfiyar İmanovun adı ölkəmizin, eləcə də, xarici ölkələrin konsert salonlarını və opera səhnələrini fəth etmiş bir müğənni kimi musiqisevərlərin geniş dairələrində yaxşı tanınmışdır.
O, dinləyicilərə yüksək niyyətlər, nəcib hərəkətlər və insan qəlbinin gözəlliyini çadıra bilir. Lütfiyar İmanovun sənəti müxtəlif millətlərdən olan adamlar üçün yaxın və anlaşıqlı olur, onları daxilən zənginləşdirir, daha da saflaşdırır. Onun ifası dərindən həyəcanlandırır və əsil zövq gətirir. Bütün bunların səbəbi müğənninin nadir ilhamı, onun böyük aktyor cazibədarlığı, təsirli obraz yaratmaq bacarığıdır.
Müəllif göstərir ki, Lütfiyar İmanovun yaradıcılıq siması üçün əla vokal keyfiyyətlər ilə möhkəm professional hazırlıq, musiqili-dramaturji obraza dərindən nüfuz etmək, vokal və aktyor sənətinin harmonik ahəngi xarakterikdir. Aktyor öz sənətini səxavətlə tamaşaçılara bəxş edir, öz ürək duyğularının dərinliyini açır. Hər bir əsər - yeni kəşfdir və dinləyicilər onu hərarətlə qiymətləndirir, onun istedad və ağlına, şəxsiyyətinə yüksək qiymət verirlər. Məhsuldar səhnə fəaliyyəti və daimi zəhmət Lütfiyar İmanovun sənətini cilalandırmış, onu bugünümüzün ən yaxşı sənətkarları sırasında ilk yerlərdən birinə çıxarmışdır.
Azərbaycan musiqisini dünyada tanıdan və yüksək səviyyədə təbliğ edən sənətkarın həyat və yaradıcılığından bəhs edən "Lütfiyar İmanov" kitabı müğənnini sevənlərə qiymətli hədiyyədir.