PDF Oxu

Mədəniyyət

  • 10

Gürcüstanda Azərbaycan Mədəniyyəti Günləri sona yetdi

Gürcüstanda Azərbaycan Mədəniyyəti Günləri sona yetdi
Bildiyimiz kimi, Gürcüstanda Azərbaycan Mədəniyyəti Günlərinə start verilmişdir. Qonşu ölkəyə səfər etmiş nümayəndə heyətinə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik etmişdir. Gürcü tamaşaçıları və orada yaşayan soydaşlarımız qarşısında respublikanın xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Dövlət Kamera Orkestri, xalq artisti Afaq Məlikovanın rəhbərliyi ilə Dövlət Rəqs Ansamblı, Dövlət Pantomima Teatrının kollektivi, xalq artisti Rauf Babayevin rəhbərliyi ilə "Qaya" ansamblı, Salman Qəmbərovun "Bakustik-caz" qrupu, Ənvər Sadıxovun ansamblı, solistlərdən vokal ifaçıları Samir Cəfərov, İnarə Babayeva, muğam ifaçıları İlkin Əhmədov, Vəfa Orucova, tarzən Rüfət Həsənov, kamança ifaçısı Toğrul Əsədullayev, aşıq Samirə Əliyeva çıxış etmişlər. Konsert proqramlarının rejissoru əməkdar incəsənət xadimi, professor Əli Usubov olmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən Tbilisidəki "Tbilisi Kortiat" mehmanxanasında Gelati Elmlər Akademiyasının akademiki, professor Rövşən Mustafayevin "Mirzə Şəfi nəğmələri" kitabının təqdimat mərasimi ilə Gürcüstanda Azərbaycan mədəniyyəti günlərinin açılışına start verilmişdir.
Qeyd edək ki, kitabda Azərbaycan və gürcü xalqları mədəniyyətlərinin yaxınlaşmasında mühüm rolu olan Mirzə Şəfi Vazehin yaradıcılığının unudulmaz və az məlum olan rus dilindən tərcümələrin toplandığını deyən Namiq Əliyev bu nəşrin siyasi elmlər doktoru, professor Rövşən Mustafayevin gərgin əməyi nəticəsində ərsəyə gəldiyini bildirmişdir. Namiq Əliyev hər iki ölkənin mədəniyyət nazirlərinin bu tədbirdə iştirakından məmnunluğunu vurğulamışdır. Diplomat bu ərazidə tarixi keçmişin bərpası istiqamətində addımlar atılmasını təklif etmişdir. O bildirmişdir ki, həmin binanın bərpası sayəsində xalqlarımızın qədim mədəni əlaqələrinə işıq salınması ilə yanaşı, bu sahədə əməkdaşlığımızın daha da inkişafına nail olmaq mümkündür.
Mirzə Şəfi ilə gürcü şairi Nikolaz Barataşvilinin taleləri arasındakı oxşarlığa diqqəti cəlb edən N.Əliyev, kitabın müəllifi, xalqımızın vətənpərvər oğlu, həyatdan erkən köçmüş istedadlı alim Rövşən Mustafayevin də vaxtilə Gürcüstanla sıx əlaqəsi olduğunu vurğulamışdır. O, səfirliyin təşəbbüsü ilə Tbilisinin "Universal" nəşriyyatında işıq üzü görmüş bu kitabı, Azərbaycan və gürcü xalqları mədəniyyətlərinin inkişafı tarixində orijinal fakt adlandırmışdır. Mərasimdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gürcüstanın mədəniyyət, abidələrin mühafizəsi və idman naziri Nika Rurua, Gürcüstan Yazıçılar Birliyinin sədri Mağvala Qonaşvili, şair-tərcüməçi İmir Məmmədli və b. çıxış edərək, mərhum professor R.Mustafayevin "Mirzə Şəfi nəğmələri" kitabının təqdimatı ilə rəsmən açılan Gürcüstanda Azərbaycan mədəniyyət günlərinin dost gürcü xalqının Azərbaycan ədəbiyyatı, incəsənəti və musiqisi ilə yaxından tanışlığında mühüm rol oynayacağına əmin olduqlarını bildirmişlər.
R.Mustafayevin həyat yoldaşı, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını ifadə etmişdir.
Təqdimat mərasimində Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Gürcüstanın Bakıdakı səfiri Nikoloz Natbiladze iştirak etmişlər.
Gürcüstanda Azərbaycan mədəniyyəti günləri çərçivəsində Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında Bakıdan gəlmiş incənəsət ustalarının iştirakı ilə konsert olmuşdur. Konsertdən əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir. Gürcüstan mədəniyyət, abidələrinin mühafizəsi və idman naziri Nika Rurua qonaqları salamlayaraq, Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsindən məmnunluq duyduğunu bildirmişdir. Belə tədbirlərin, görüşlərin dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan N.Rurua, Azərbaycan və gürcü xalqlarının tarixi bağlılığına diqqət çəkmiş və bildirmişdir ki, bu dostluğun qədim tarixi vardır, indən sonra da davam edəcəkdir.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nümayəndə heyəti adından gürcülərə qonaqpərvərliyə görə təşəkkür etmişdir. Əbülfəs Qarayev son illər ölkələrlə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsində fasilələrə yol verildiyini, bu məsələnin Azərbaycan və Gürcüstan prezidentlərinin tövsiyəsi ilə həllini tapdığını demişdir. Əbülfəs Qarayev Azərbaycan incəsənət ustalarının gürcüstanlı tamaşaçılar üçün maraqlı proqram hazırladığını bildirmişdir. Müstəqil Azərbaycanın müstəqil Gürcüstanda mədəniyyət günlərinin keçirilməsindən məmnunluq duyduğunu vurğulayan nazir, bu bayram münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.
Konsert Eldar Mansurovun "Azərbaycan" xoreoqrafiya süitası ilə bağlamışdır. Müğənnilər Vəfa Orucova, İlkin Əhmədov, aşıq Samirə Əliyeva və başqalarının ifa etdikləri mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Azərbaycan Dövlət Rəqs Ansamblı, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışları tamaşaçıların rəğbətini qazanmışdır.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi Gürcüstan prezidenti Mixeil Saakaşvili qəbul etmişdir.
Gürcüstanda Azərbaycan mədəniyyəti günlərinin iştirakçıları ümummilli lider Heydər Əliyevin Tbilisidəki büstü önünə əklil qoymuş, xatirəsini ehtiramla anmışlar.
Əklilqoyma mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, respublikamızın Gürcüstandakı səfiri Namiq Əliyev, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva iştirak etmişlər.
Gürcüstan Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyində keçirilən görüşdən sonra nazirlər Əbülfəs Qarayev və Nika Rurua birgə brifinq keçirmişlər.
Nika Rurua azərbaycanlı həmkarı ilə gələcək fəaliyyət planlarını müzakirə etdiklərini bildirmişdir. Əbülfəs Qarayev jurnalistlərin "Gürcüstanda qədim Azərbaycan və türk abidələrinin dağılmaq təhlükəsi var. Gürcüstanlı həmkarlarınızla görüşdə bu barədə söhbət aparıldımı?" sualını cavablandıraraq demişdir ki, təəssüf ki, həm Azərbaycanda, həm də Gürcüstanda abidələrin qorunması məsələsində problemlər vardır. Bu istiqamətdə tədbirlər görülür və nazirliklərin mədəniyyət üzrə komissiyalarının iclası keçiriləcəkdir. İclasda bu qəbildən olan problemlərin həlli yollarına baxılıb birgə fəaliyyət planı işlənib hazırlanacaqdır.
Əbülfəs Qarayev qeyd edib ki, gürcü həmkarlarımla Tbilisinin Nəbatat bağında azərbaycanlı ictimai xadimlərin dəfn olunduqları qəbiristanlığın qaydaya salınıb qorunması məsələləri barədə də söhbət etdik və Gürcüstan tərəfi bu işi öhdəsinə götürdü.
Jurnalistlərin Qaxdakı gürcü teatrı ilə bağlı sualını cavablandıran nazir teatrın normal fəaliyyəti üçün müvafiq tədbirlər görüldüyünü demişdir.
Sonra hər iki nazir gələcəkdə mədəniyyət xadimlərinin, yazıçı və şairlərin, musiqi kollektivlərinin yaradıcılıq gecələrinin keçirilməsi, qarşılıqlı səfərlərin təşkil olunması, birgə film çəkilişi layihəsinin də planlaşdırıldığını bildirmişlər.
Həmin gün Əbülfəs Qarayev Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyini ziyarət etmiş, onun fəaliyyəti ilə tanış olmuş, muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.
Əbülfəs Qarayev Tbilisidəki M.F.Axundov adına 73 saylı Azərbaycan məktəbində olmuş, bu təhsil ocağının şagirdlərinin rəsmlərindən ibarət sərgiyə tamaşa etmişdir.
Əbülfəs Qarayev mədəniyyət günləri çərçivəsində Tbilisidəki "Karvansara" şəkil qalereyasında müasir Azərbaycan incəsənəti sərgisinin açılış mərasimində iştirak etmişdir. Sərgidə 17 azərbaycanlı fotoqrafın əsərləri nümayiş olunur.
Həmin gün Azərbaycan incəsənət ustaları Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi Rustavi şəhərində, iyunun 18-də isə Bolonoso rayonunda geniş konsert proqramı ilə çıxış etmişlər.
Tbilisidəki K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrında Gürcüstanda respublikamızın mədəniyyət günləri çərçivəsində Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi Z.Zeynalovun "Maska" tamaşasını tamaşaçılara təqdim etmişdir. Tamaşanı əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə səhnələşdirmişdir. O, həm də tamaşanın plastik həll üzrə rejissorudur. Tamaşanın quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elman Rəfiyevdir. Əsas rollarda respublikanın əməkdar artisti Nargilə Qəribova, Elnur İsmayılov, Bəhruz Əhmədli və Ceyhun Dadaşov çıxış etmişlər.
Mədəniyyət günləri çərçivəsində Salman Qəmbərovun rəhbərliyi ilə "Bakustik-caz" qrupunun Tbilisidə tamaşaçılar qarşısında çıxışı da maraqla qarşılan mış və dəfələrlə alqışlanmışdır.

Digər xəbərlər