Akademik sənətin yüksək əsəri
Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində dünya klassikasının mükəmməl nümunələrindən olan İ.Minkusun "Don Kixot" tamaşası oynanıldı. Tamaşada əsas aparıcı obrazı Kitrini ilk dəfə olaraq gənc balerina Nigar İbrahimova ifa etdi. Məlum olduğu kimi, Opera və Balet Teatrının rəhbərliyi fəaliyyəti çərçivəsində istedadlı ifaçılara meydan verilərək, onların potensialının üzə çıxarılmasına təkan verilir, imkanların büruzə verilməsinə xüsusi diqqət yetirilir. Elə bu diqqət və qayğının nəticəsidir ki, 21 yaşlı gənc istedadın yüksək göstəricilərini, onun yaradıcılıq uğurlarını və əməksevərliyini nəzərə alaraq, teatr rəhbərliyi ona "Don Kixot" baletində əsas partiyanı yaratmağı həvalə etmişdir. Tamaşada yaradılan əsas obraz, eləcə də, digər rolların ifaçıları tamaşaçılar tərəfindən alqışlarla qarşılandılar.
Tamaşdan sonra çıxış edən balet truppasının rəhbəri, əməkdar incəsiənət xadimi Yulana Əlikişizadə Nigar xanımın ifası ilə bağlı fikirlərini belə ifadə etdi:"Nigar İbrahimovanın bugünkü çıxışı bizim gözlədiyimizdən də uğurlu alındı. O, balet artisti üçün tələb olunan yüksək göstəricilərə malikdir. Nigar xanım ən istedadlı kadrlardan biridir. Bugünkü tamaşada balerina öz rolunu böyük ustalıqla təqdim etdi. Artıq Nigar xanımı klassik baletimizin parlayan ulduzu adlandırmaq olar. Biz onunla fəxr edir və Nigarın yeni uğurlara imza atcağına inanırıq".
Tamaşaçılara təqdim olunan "Don Kixot" baleti Opera və Balet Teatrının bu mövsümdə oynanılan son tamaşalarından biridir. Bu balet akademik sənəti sevən, yüksək zövqlü tamaşaçılar üçün əsil bayrama çevrildi.